İrəvana dayanıqlı sülh lazımdır, yoxsa dondurulmuş münaqişə? 

"Cənubi Qafqazda davamlı sülhün yaranması dinc yolla Ermənistandan, sülhə məcburetmə yolu ilə isə Azərbaycandan asılıdır".

Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Analitik vurğulayıb ki, Ermənistan nəhayət seçim etməlidir: 

"İrəvana dayanıqlı sülh lazımdır, yoxsa dondurulmuş münaqişə? Bu, Ermənistanın ixtiyarındadır. Ermənistan tərəfinin sülh təklifi paketi əslində dayanıqlı sülhə xidmət etmir, zaman qazanmaq üçün əngəlləyici manevrdir. Lakin bu çox təhlükəli və Ermənistanı dövlət olaraq xəritədən siləcək bir siyasətdir. Paşinyanın Ermənistan Konstitusiyasında “qonşu dövlətlərin torpaqlarına ərazi iddiası” barədə bəndlərin formal xarakter daşıdığını və onun çıxarılmasına ehtiyac duyulmadığını deməsi qeyri-ciddi münasibətdir. Ermənistan ABŞ Konqresində və Avropa dövlətlərinin parlamentlərində hər gün təxribat xarakterli fəaliyyətlərinə rəsmi şəklidə son verməlidir. Qondarma “soyqırım “ təbliğatı dayandırılmalıdır". 

Siyasi şərhçi qeyd edib ki, COP29 tədbiri zamanı Azərbaycana qarşı təxribatçı fəaliyyətin arxasında məhz Ermənistan hakimiyyəti dayanır: 

"Hərbi canilərin əfv edilməsi üçün müraciətlər də bu təxribatın tərkib hissəsidir. Hesab edirəm ki, Azərbaycan tərəfi bizə qarşı yönələn ittihamları aradan qaldırmaq üçün də bəzi boşluqları aradan qaldırmalıdır. COP29 çərçivəsində həbsdə saxlanılan müharibə caniləri və terrorçulara qarşı canlı yayımla açıq məhkəmə keçirilməlidir ki, bütün dünya onların insanlığa qarşı hansı cinayətləri törətdiklərinin şahidi olsun. Görünür, Ermənistan sülhə hazır deyil və ya ümumiyyətlə bunu könüllü şəkildə etmək istəmir. Yaxın 2-3 ayda hər hansı sülh sazişinin imzalanacağını da gözləmirəm".