Hazırda bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakıya yönəlib. BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) dünya liderlərini, iqlimşünasları, qeyri-hökumət təşkilatlarını və gənc fəalları bir araya gətirərək iqlim böhranının həlli yollarını axtaracaq. COP29 iqlim dəyişikliyi ilə mübarizənin ən intensiv müzakirə ediləcəyi platforma kimi seçilir.
Əvvəlki illərdə olduğu kimi, iqlim sazişləri, karbon emissiyaları, bərpa olunan enerji hədəfləri və iqlim ədaləti kimi əsas mövzularda müzakirələr aparılacaq. Bununla belə, bu il bir fərq var: məqsədlərə nail olmaq və ideyaları həyata keçirmək baxımından indi dönüş nöqtəsi əldə olunub.
Bakının ev sahibliyi etdiyi bu sammit həm də regional məna daşıyır. Azərbaycan mədən yanacaqlarına əsaslanan iqtisadiyyatını transformasiya etmək üçün addımlar atan ölkə kimi seçilir. O, enerji keçidi, bərpa olunan enerji sərmayələri və ətraf mühitin davamlılığı sahəsində regionun digər ölkələri üçün nümunə göstərmək istəyir.
COP29-a dünyanın önəmli liderləri qatılıblar. COP29 ərazisində dünyanın tanınmış siyasi liderləri iştirak edir, faydalı çağırışlar, təkliflər, tövsiyələr səsləndirirlər. Lakin fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayan dövlətlər də oldu. Almaniya, İran, Braziliya, Böyük Britaniya, Rusiya rəhbərlikləri müxtəlif səbəblərdən tədbirə qatıla bilməyəcəklərini açıqlayıblar. Onları tədbirdə üçüncü dərəcəli rəsmilər təmsil edəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də əvvəlcədən bilindiyi kimi COP29 sammitində iştirak üçün Bakıya gəlmədi. Rəsmi versiya belədir: Komissiya keçid mərhələsində olduğu üçün “Prezident öz institusional vəzifələrinə diqqət yetirəcək”. Leyen hazırda dekabrın 1-də başlayacaq ikinci prezidentlik müddətinə hazırlaşır.
Avropa Birliyini Bakıda Avropa Şurasının sədri Şarl Mişel, iqlim siyasəti üzrə rəhbər və enerji komissarı təmsil edir.
Bəs, Fransa Prezidenti Emmanuel Makronun tədbirə qatılmama səbəbi nədir?
Bu barədə "Sherg.az"a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, təkcə Azərbaycanın müstəqillik tarixində yox, bütövlükdə regionun tarixində ilk dəfə həyata keçirilən böyük bir tədbirlə üz-üzəyik:
"BMT-nin İqlim Dəyişikliyi Konfransı geniş coğrafiyaları əhatə edən çox mühüm bir tədbirdir. Azərbaycan isə bundan öncə də özünün elan etdiyi prinsiplərə, dəyərlərə uyğun olaraq, bəşəri dəyərlərin qorunması ilə bağlı çağırışların önündə gedib. Bu günə qədər keçirilən beynəlxalq konfranslar, humanitar forumlar, Qoşulmama Hərəkatı da məhz bu məqsədlərə xidmət edib.
İqlim dəyişiklikləri ilə mübarizə istiqamətində də ölkəmiz hər zaman aktiv mövqe nümayiş etdirib" .
COP29-da iştirak etməyən ölkələrlə bağlı fikirlərini bölüşən millət vəkili deyib ki, bəşəriyyəti narahat edən iqlim dəyişikliklərinin Fransa prezidenti E.Makron üçün maraqlı olmaması heç də təəccübü deyil:
" O özü birbaşa bəşəri problemləri yaradan, müstəmləkəçilik siyasətini davam etdirən, ayrı-ayrı dövlətlərdə özünün enerji problemlərini həll etmək üçün uran axtarışına çıxaraq insan hüquq və azadlıqlarını kobud şəkildə pozan biridir. Belə bir şəxsin iqlim dəyişiklikləri haqqında düşünməsi nonsens olardı. Siyasətdə futbol oynayanlar ən yaxşı halda öz qapılarında top görəcəklər. Bu aspektdən də Makron kimilərin uzaqgörən siyasətinin olmaması və bəşəriyyəti narahat edən proseslərin içərisində yer almayaraq öz ölkəsinin korporativ maraqlarını üstün tutması kimi davranışları məhz dünyanın bu gün iqlim dəyişmələri kimi bir problemlə üz-üzə qalmasına şərait yaradır".
Bu və ya digər səbəblərdən COP29 sammitində iştirak üçün Azərbaycana gələ bilməyən dövlət rəhbərlərinin üzrxahlıq etdiyini vurğulayan E. Mirzəbəylinin sözlərinə görə, Makronun isə iştirak etməmə səbəbi birbaşa ölkəmizə olan qərəzi və yeritdiyi ermənipərəst mövqeyidir.
Demək ki, Makron şəxsi hisslərini bəşəri problemlərin həllindən daha üstün tutur: " Bu da mahiyyət etibarı ilə onun nə qədər cılız bir siyasətçi olduğunun göstəricisidir.
Ən azından Paris Konvensiyasına hörmət nümayiş etdirərək və Konvensiyadan irəli gələrək COP29-da iştirak üçün Azərbaycana gəlməlidi idi. Fransanın milli maraqları da məhz bunu tələb edir. Demək ki, erməni diasporunun maraqları Makron üçün daha əzizdir".