Qarşıdakı günlərdə də COP29-un öz qarşısına qoyduğu məqsədlərə çatması ilə bağlı mühüm xəbərlər eşidəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. COP29-a dəvətə görə dövlət başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev qeyd edib ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib. Ölkə başçısı deyib ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Vurğulanıb ki, artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək: "Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var". A.Berse diqqətə çatdırıb ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb. Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını deyib. Dövlət başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd edib. Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.
COP29-un əhəmiyyətindən "Sherg.az"a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, bu tədbirdə 196 ölkədən 80-i prezident, vitse-prezident, baş nazir olmaqla 72 min nəfərin iştirak etməsi, bir araya toplanması çox böyük hadisədir. Deputat vurğulayıb ki, panel müzakirələri bu və ya digər mövzunun dərinliyini daha yaxşı başa düşməyə, bu istiqamətdə nələr etmək lazım olduğunu müəyyənləşdirməyə imkan verir:
"İqlim dəyişikliyinin qarşısının alınması, böyük dövlətlərin bu işə cəlb edilməsi, öz məsuliyyətlərini dərk etmələri, maliyyə məsələlərinin müzakirə olunması və s. önəmli məqamlardır. Həmçinin COP29 çərçivəsində ikitərəfli görüşlər intensiv şəkildə keçirilir. 5 gün ərzində xarici dövlətlərin bir neçə tanınmış şirkəti ilə Azərbaycan şirkətləri arasında çox vacib razılaşmalar əldə edilib. Bu, ancaq Azərbaycanla bağlı nümunələrdir. Mümkündür ki, başqa dövlətlərlə bağlı da belə məsələlər var. COP konfransları ildən-ilə dünyanın ən vacib beynəlxalq tədbirinə çevrilməkdədir. 29 il ərzində Almaniya 5 dəfə bu tədbirə ev sahibliyi edib. Argentina 2 dəfə tədbirin ev sahibi olub. Baxmayaraq ki, Argentina prezidenti bu tədbirləri artıq əhəmiyyətsiz sayır, amma əvvəlki rəhbərlər COP-a böyük əhəmiyyət verirdilər. Hesab edirəm ki, qarşıdan gələn günlərdə də konfransın öz qarşısına qoyduğu məqsədlərə çatması ilə bağlı mühüm xəbərlər eşidəcəyik".