İranın Ermənistandakı səfirinə tribuna verməsi də qəzetin öz təşəbbüsü yox, ABŞ Dövlət Departamentinin sifarişidir
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəkili Endryu Paltsik “The New York Times” qəzetini məhkəməyə verərək 10 milyard dollar təzminat tələb edəcəklərini bildirib. Demokratlar Partiyasına işləyən“The New York Times” siyasi opponentlərə qarşı böhtanın konversiya yoluyla istehsalında, yəni bu prosesin artıq "sənayeləşdirilməsi"ndə ittiham olunur.
Bu mövzuyla bağlı fikirlərini “Sherg.az"la bölüşən millət vəkili Sahib Alıyev xatırladıb ki, Bakıda COP29-un Liderlər Sammitinin açılışındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizlə bağlı dezinformasiya yayanların arasında qərbin "yalan mediası"nın da adını çəkmişdi ki, onlardan da biri məhz sözügedən “The New York Times”dir:
“Yeri gəlmişkən, həmin qəzet və daha bir qlobal media funksiyasını yerinə yetirən dezinformasiya vasitəsi «Deutsche Welle» bu günlərdə “Seyid Əhməd əli ilə pislik etmək” metoduna əl ataraq birincisi İranın Ermənistandakı səfiri Mehdi Sübhanini, ikincisi isə Hindistanın COP29-a qatılmış təmsilçisini Azərbaycan əleyhinə danışdırmağa cəhd edirdilər. Hindistan təmsilçisi alman jurnalistin hər birindən qərəz tökülən suallarını obyektiv cavablandırdı. İranın Ermənistandakı səfirinə gəldikdə isə o, verdiyi intervüdə ikibaşlı cümlələr işlədərək guya kiminsə bu regionda sərhədləri dəyişmək istədiyini, Rusiya göz yumsa da, ölkəsinin bunun yol verməyəcəyindən dəm vurur. Mehdi Sübhaninin İranla Rusiyanın heç də müttəfiq olmadıqları, bu regionda maraqlarının ancaq bəzi məsələlərdə üst-üstə düşdüyü haqda açıqlamasının isə əlbəttə, mərkəzlə, ilk növbədə SEPAH-la razılaşdırılmaması mümkünsüzdür. Elə “The New York Times”-in İranın Ermənistandakı səfirinə tribuna verməsi də qəzetin öz təşəbbüsü yox, ABŞ Dövlət Departamentinin sifarişidir. Ümumiyyətlə, ABŞ və İranın Ermənistandakı səfirləri, eləcə də SEPAH-la Birləşmiş Ştatlardakı bəlli strukturlar arasında ünsiyyətin və hətta sövdələşmənin olması heç də sirr deyil”.