Uğursuz antitəbliğat: Qərbin və Fransanın atdığı oxlar daşa dəydi

Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib. Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.


Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, hələ COP29 ərəfəsində Azərbaycana qarşı ciddi antitəbliğat kampaniyası həyata keçirilirdi:

“Bu kampaniyanın başında isə Fransa dayanırdı. Yəni Fransa kimi ölkələr bütün mümkün imkanlarla çalışırdılar ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə kölgə salsınlar. Onlar eyni zamanda Cənubi Qafqazda gərginlik yaradır və Ermənistanı kolfliktə çəkirdilər. Ancaq həmin cəhdlər nəticə vermədi və Azərbaycan bu gün uğurla COP29-a ev sahibliyi edir. COP29-da 160-dan çox ölkədən 70 000-dən artıq insanın iştirakı göstərir ki, Qərbin və Fransanın atdığı oxlar daşa dəydi. Bundan savayı Fransa digər dövlətlər kimi əvvəl Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləmişdi. Daha sonra onun belə addımlar nümayiş etdirməsi Fransanın ikiüzlü və riyakar olmağının bariz nümünəsidir. COP29 Birləşmiş Millətlər Təşkilatına aid olduğuna görə dolayısıyla Fransanın addımları BMT-ni boykot etmək deməkdir. Eyni zamanda sözügedən hərəkətlər Fransa siyasi elitasının xarici siyasət kursunun iflası anlamına gəlir. Fransa bütün proseslərlə Ermənistan və Azərbaycan arasında sülhə əngəl olmağa çalışır. Çünki Fransanın regionla bağlı öz maraqları var. Ancaq rəsmi Paris Bakıyla münasibətləri pisləşdirməklə özünün Cənubi Qafqazdakı mövcudluğunu sual altına alır”.