"Gürcü arzusu" sakitliyə, Prezident isə ölkəni xaosa sürükləyir
Prezident postunu "Gürcü arzusu"nun təmsilçisi tutacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlamasından sonra ölkədə etirazlar başlayıb. Müxalifət "Gürcü arzusu"nun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb. Prezident Salome Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Mitinq iştirakçıları "Gürcü arzusu"nun AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edib və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildiriblər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir. Aksiyaçılar polisə “insan deyilsiniz”, “qullar”, “ruslar” deyə qışqırıblar. Zurabişvili də aksiyaya qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib. Onun sözlərinə görə, "Gürcü arzusu" hökuməti artıq heç nə gizlətmir, AB ilə danışıqlardan imtina etdiyini açıq şəkildə bəyan edir: “Bir neçə həftə, bəlkə də. aylardır davam edən konstitusiya çevrilişi bu gün başa çatıb. Bu gün Avropadan Rusiyaya gedən yol başa çatıb. İnsanların bəlkə də, belə olmadığına, başqa izahat ola biləcəyinə dair bütün şübhələr bu gün aradan qalxdı. Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib. Bu yolda Gürcüstanın dövlət suverenliyi, müstəqilliyi və Rusiyadan başqa gələcəyi yoxdur”. Gürcüstan prezidenti əhalini etiraza çağırıb: “Televizor qarşısında oturanlara, ona baxmayanlara müraciət edirəm: ümidinizi itirməyin, heç kimə cəsarət edib bugünkü etirazı öldürməyə imkan verməyin. Dözümsüzlük, itaətsizlik və müqavimət - siz sona qədər sadiq olduğunuz kimi mən də buna sona qədər sadiq olacağam”. Zurabişvili ayrıca polis, ordu, AB ölkələrinin səfirləri və Gürcüstan diplomatik korpusuna da müraciət edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Gürcüstandakı hadisələr maraqlı məcrada inkişaf edir. Qonşu ölkədə çox unikal bir vəziyyət yaranıb. Onun sözlərinə görə, hakimiyyətin bir qolu - hakim "Gürcü arzusu" Partiyası ictimaiyyəti sakitliyə çağırış edir, digər qolu - Prezident Salome Zurabişvili isə xaosa sürükləyir:
"Gərgin vəziyyətin uzun müddət davam edəcəyini düşünmürəm. Düzdür, Gürcüstan müxalifəti yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edirlər. Amma "Gürcü arzusu"nun buna gedəcəyini düşünmürəm. Beynəlxalq təşkilatlar da Gürcüstanda keçirilmiş seçkilərlə bağlı müəyyən istisnalar olmaqla ciddi saxtakarlıqla bağlı çağırışlar etməyiblər. Yəni çoxları seçkinin nəticələrini tanıdı. O baxımdan bu parlamentin buraxılacağını və yenidən seçkilərin keçiriləcəyini proqnozlaşdırmıram. Bir müddət keçəndən, ortam sakitləşəndən sonra gürcü müxalifəti parlamentin işinə qatılacaqlar. Ən azından öz mövqelərini çatdırmaq üçün buna gedəcəklər. İndiki halda isə Gürcüstanda xaos və qarşıdurma hökm sürür. Əslində, prezidentin parlamenti hökumətə itaətsizliyə səsləməsi artıq inqilaba çağırışdır. S.Zurabişvili başa düşür ki, onun siyasi ömrünə çox qalmayıb. İki həftədən sonra, dekabrın 14-də prezident seçkisi keçiriləcək. Prezidenti də parlamentdə oturanlar seçəcək. Faktiki iki həftədən sonra Zurabişvili öz kürsüsündə olmayacaq. Prezident postunu da "Gürcü arzusu"nun təmsilçisi tutacaq. Hakim partiyaya prezidentlik üçün simvolik fiqur lazımdır. Gürcüstan parlamentli respublikadır. Düşünürəm ki, "Gürcü arzusu" hökuməti bu problemi həll etməyə çalışacaq və nail olacaq. Etirazlar davam edir, amma küçələrdə yüzminlər yoxdur. Əgər yüzminlər olsaydı, hakimiyyəti devirərdilər. Ümumiyyətlə, müxalifətin dəstəyi çox olsaydı, elə parlament seçkilərində qalib gələrdi".