Qazaxıstan vətəndaşları Rusiyanın TDT-yə yaxın buraxılmasının əleyhinə çıxış edirlər -Analitik

Rusiyanın bu təşkilata üzvlüyü ilə bağlı təklif, elə başlanğıc mərhələsindəcə gündəmdən çıxarılmalıdır

Bütün dünyada belə bir fikir var: hansısa təşkilatı dağıtmaq istəyirsənsə, ora Rusiyanı dəvət et

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifinə Ankara “yox” dedi. Hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Gürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb: “Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir”. Gürşad Zorlu Rusiyanın vaxtilə verdiyi bir qərarı da xatırladıb: “1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”. Yəni Türkiyənin hakim partiyasının nümayəndəsi bununla demək istəyib ki, vaxtilə ölkəsindəki türklərin türk dünyası ilə mədəni əlaqələrinin inteqrasiyasına mane olan ölkə Türk Dövlətləri Təşkilatına üzv ola bilməz. Görəsən Ankaranın bu cavabından sonra Qazaxıstan Prezidenti Rusiyanın üzvlük və ya müşahidəçilik məsələsində təklifini növbəti sammitlərdə yenə səsləndirəcəkmi?

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə böyük hörmət bəsləsə də, onun Türk Dövlətləri Təşkilatına Rusiya ilə bağlı təklifini təəssüflə qarşılayıb:

“Qardaş Qazaxıstanın prezidentinə böyük hörmətim olsa da, bu təklifi eşidəndə, açığını deyim ki, çox üzüldüm. Çünki bütün dünyada belə bir fikir var: hansısa təşkilatı dağıtmaq istəyirsənsə, ora Rusiyanı dəvət et. Düşünmürəm ki, Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatını zəiflətmək və ya dağıtmaq niyyəti ilə belə bir təklif səsləndirib. Lakin onun kimi təcrübəli dövlət rəhbəri, prezident və siyasi xadim Rusiyanın iştirak etdiyi platformalarda hansı problemlərin yarana biləcəyini bilməmiş deyil. Rusiyanın olduğu yerdə heç kimə nicat yoxdur. Bu səbəbdən mən həmin təklifi qəti şəkildə rədd edirəm. Əminəm ki, Azərbaycan dövləti də belə bir təşəbbüsə müsbət yanaşmayacaq. Üstəlik, Tokayevin bu təklifi səsləndirdiyi sammitdə digər dövlətlərin nümayəndələri də onu dəstəkləmədilər. Heç bir ölkə təklifə açıq dəstək ifadə etmədi. Hesab edirəm ki, bu məsələyə artıq nöqtə qoymaq lazımdır. Tokayev də bundan nəticə çıxarmalı və gələcəkdə bu cür təkliflərin səsləndirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu nəzərə almalıdır”.

A.Həsrət hesab edir ki, məsələnin digər diqqətçəkən tərəfi isə ictimai rəydir:

“ Mən bu barədə mövqeyimi rus dilində sosial media hesablarımda videoformatda da paylaşmışam. Həmin video xüsusilə Qazaxıstanda geniş izlənilib. Videonun altındakı minlərlə şərhin xeyli hissəsini oxumuşam. Qazaxıstan vətəndaşları şərhlərdə birmənalı şəkildə Rusiyanın işğalçı və təcavüzkar siyasət yürütdüyünü bildirir, onun Türk Dövlətləri Təşkilatına yaxın buraxılmasının əleyhinə çıxış edirlər. Bu, əslində, Qazaxıstan cəmiyyətində mövcud olan ictimai münasibəti də ortaya qoyur. Göründüyü kimi, məsələ təkcə bizim mövqeyimizlə bağlı deyil. Qazaxıstanın özündə də bu təklifə qarşı ciddi etiraz var. Belə olan halda hesab edirəm ki, Azərbaycan və digər türk dövlətlərinin rəhbərləri növbəti görüşlərdə bu məsələni artıq arxivə göndərəcəklər. Ümid edirəm ki, Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü məsələsi bir daha gündəmə gətirilməyəcək”.

Azər Həsrət qeyd edib ki, Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyirsə, ilk növbədə öz ərazisində yaşayan türk xalqlarının hüquqlarına hörmətlə yanaşmalı və onların təşkilata qoşulmasına mane olmamalıdır:

“Əgər Rusiya doğrudan da türk dövlətlərinə xoşməramlı münasibət bəsləyirsə, qoy imkan versin ki, onun tərkibində olan, hətta öz konstitusiyasına görə suveren və müstəqil hesab edilən türk respublikaları Türk Dövlətləri Təşkilatına qoşulsun. Başda Tatarıstan, Başqırdıstan, Yakutiya (Saxa), Xakasiya, Altay və Çuvaşiya olmaqla, bu respublikaların təşkilata üzvlüyü məsələsi müzakirə oluna bilər. Hətta onların gələcəkdə tamhüquqlu üzv olması da nəzərdən keçirilə bilər. Hazırda müstəqil dövlət statusuna malik olmadıqları üçün bu, əlbəttə, asan məsələ deyil. Lakin ilkin mərhələdə müşahidəçi statusu ilə təşkilata dəvət olunmaları mümkündür. Şəxsən mən bu yanaşmanın tərəfdarıyam. Amma Rusiya Federasiyasının özünün Türk Dövlətləri Təşkilatına hər hansı statusda yaxınlaşmasını qəbulolunan hesab etmirəm. Hətta təşkilatın keçirdiyi tədbirlərdə Rusiyanın iştirakını da məqsədəuyğun saymıram. Çünki söhbət türk xalqlarının əməkdaşlığı və ortaq maraqları əsasında formalaşmış bir platformadan gedir. Ona görə də Rusiyanın bu təşkilata üzvlüyü ilə bağlı təklif, məncə, elə başlanğıc mərhələsindəcə gündəmdən çıxarılmalıdır”.