Avropa İttifaqının (Aİ) diplomatik missiyası Suriyanın yeni rəhbərliyi ilə əlaqə yaratmaq üçün Dəməşqə gedəcək.
Modern.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
"Mən yüksək səviyyəli avropalı diplomatlara yeni hökumətlə əlaqə saxlamaq üçün Dəməşqə getməyi tapşırmışam", - deyib.
“Biz əvvəlcə Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə əlaqə saxlayacağımızı və onlarla münasibət qurmaq üçün hansı addımları atmaq istədiyimizi müəyyən etməliyik. Bizim üçün təkcə onların sözləri deyil, həm də hərəkətləri önəmlidir”, - Kallas bir sıra suriyalı qrupların terrorçular siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib: "Gələn həftələr və aylar onların düzgün istiqamətdə hərəkət edib-etmədiklərini göstərəcək və bundan sonra biz gələcək addımları müzakirə etməyə hazır olacağıq".