Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir.
Bu fikri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib.
“Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər”, - deyə dövlət başçısı vurğulayıb.
Millət vəkili Zahid Oruc "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin müsahibəsi regional və beynəlxalq mediada, o cümlədən müvafiq beyin mərkəzləri, siyasi institutları, ümumilikdə informasiya məkanında hər zaman əks-səda doğurur:
"İlham Əliyevin fikirləri özünün əhatəliliyi ilə fərqlənir. Həmçinin gələcək dövrün tendensiyaları, dinamikaları və proqnozları burada öz əksini tapır. Ən başlıcası vəziyyətin dəqiq diaqnozunu ehtiva edir. İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sisteminin dəyişik mövqeyi də çox açıqdır. Eyni ölkə rəhbəri bağlı qapılar arxasında dilə gətirilən fikirləri bu cür tezislə cəmiyyətimizə çatdırır. Sovetlər Birliyinin Alman faşizmi üzərində qələbəsindən sonra BMT-nin təsisi və ardınca 1975-ci ildə ATƏT-in yaradılması güclər balansının hesabına idi. Yəni dünya 2 qütblü idi. Bunun nəticəsində dövlətlər də sanki Varşova Paktı və NATO birliyinin ətrafında formatlanmışdılar. SSRİ-nin çöküşü vəziyyəti xeyli dəyişdi. Qərb sisteminin həm ideoloji, həm siyasi, həm də hərbi cəhətdən qalibiyyəti sonrakı dövr prosesləri fərqli məcrada inkişaf etdirməyə imkanlar yaratdı. Əslində NATO-nun faktiki olaraq SSRİ-dən sonra bilavasitə hədəfi yox idi. Lakin sonradan Əfqanıstanda terrorizm və beynəlxalq təhlükəsizliyi üçün yeni çağırışlar meydana gələndə NATO genişlənmənin fərqli bir siyasətinə keçdi. O zaman İran, Rusiya və Çin təhdidləri çox qabardıldı. Bir tərəfdən sanki Şimali Atlantika İttifaqının yaşarlığını təmin edən bir vasitəyə çevrildi ki, qurum dağılmasın. Həmçinin hərbi ittifaq kimi öz mövcudluğunu saxlasın. Digər tərəfdən başqa bölgə gücləri özünün imkanlarını irəliyə daşımaqda, Qərb sisteminə qarşı həm ideya-siyasi, həm də hərbi cəhətdən əlaqələrini genişləndirməkdə idi. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi qlobal sistemə, 1990-cı illərdən sonrakı düzənə, beynəlxalq təhlükəsizlik mühitinə çağırış və dəyişiklik etmək mövqeyində idi. Yəni Qərb mərkəzli dünyadan çoxqütblü, ənənəvi, heç olmasa 2-3 mərkəzli dünya quruculuğu sisteminə keçid başlamalı idi".
Deputatın fikrincə, Azərbaycan liderinin burada nəzərdə tutduğu məsələlərdən biri Qarabağ zəfərinin bizə beynəlxalq və regional müstəvidə, yeni dünya bölüşdürülməsi prosesində bir subyekt kimi iştirak etmək imkanını verir:
"Əslində önəmli məsələ budur. Tarixdə həmişə müxtəlif müqavilələr bağlananda, ittifaqlar və imperiyalar formalaşanda ya da dağılanda Azərbaycan həmişə itirib. Dövlətimiz 1918-ci ildən sonra meydana çıxanda, ondan əvvəl fərqli adlarda xalqımızın hər zaman ərazi və insan baxımından itkilərin miqyası ölçüyə gəlməzdir. Belə olan şəraitdə Qarabağ vasitəsilə güclənən və bütövlüyünü təmin edən dövlət regional güc kimi iştirak edir. Həmçinin beynəlxalq proseslərdə özünün ayrıca mövqeyini ortaya qoyur. Belə olan şəraitdə Qərb dairələri Rusiyanı təkləmək və onu Ukrayna meydanında nəyinki məğlub, hətta məhv etmək və dövlətçiliyini çökdürmək siyasətinə keçiblər. Şimal qonşumuz ABŞ və onun Avropa müttəfiqlərinə müqavimət göstərmək istəyən Şimali Koreyadan, İrandan tutmuş Avropa ölkələrinə qədər hamısını təşkilatlandırır. Sonuncu BRİCS tədbiri bir qədər daha çox dövlətlərin aktiv iştirakı ilə keçdi. Prezident İlham Əliyevin nəzərdə tutduğu məsələ ondan ibarətdir ki, bizə elə bir beynəlxalq regional düzən lazımdır ki, müstəqilliyimizi nəyinki qoruyaq və inkişaf etdirək, o cümlədən hər hansı bir formatlar, daxil olduğumuz əlaqələr sistemi ölkəmizin azadlığını və hazırkı strateji planlarda fəaliyyətini əngəlləməsin. Yəni bizim üzərimizə xüsusi tələblər və öhdəliklər qoymasın, Azərbaycan iradəsinə zidd olan planlar gerçəkləşməsin. Nə Brüssel, Berlin, Vaşinqton, nə də Tehrandan, ümumiyyətlə digər paytaxtlardan Azərbaycan üzərində onun hakimiyyətini formalaşdırmaq və xalqın əvəzindən qərarlar vermək kimi siyasətlər meydana gəlsin. Ölkə başçısının beynəlxalq siyasətə münasibəti bundan ibarətdir".
Zahid Oruc bildirib ki, Rusiya-Ukrayna savaşının həll edilməsi yönündə səmimi təşəbbüslərini ortaya qoyan Türkiyə və Azərbaycandır:
"Türkiyənin NATO üzvü olması səbəbindən bir çox yanaşmalar mövcuddur ki, yenə də bütün beynəlxalq danışıqların platforması Bakı ola bilər. Çünki əvvəlki dövrdə ABŞ-ın hərbi generalı Bakıda Rusiyanın hərbi qərargah rəhbəri Valeri Gerasimovla görüşmüşdülər. Sonra NATO-Rusiya görüşləri də burada düzənləndi. Yəni diplomatik siyasi paytaxt statusumuz bərqərar olunmuşdu. Biz bu missiyanı davam etməyə hazırıq. Region baxımından 300-500 kilometr məsafədə bu cür ağır və amansız döyüşlər baş verir və bu, artıq qlobal təhlükəsizliyə zərbə vurur. Nəticədə isə ondan iki qat çox bölgə dövlətləri bundan ziyan çəkirlər. Suriyada Bəşər Əsəd hakimiyyətinin çöküşü və ondan sonra Yaxın Şərqdə yenidən formalaşan güc nisbətləri Cənubi Qafqaza da təsir edir. Xüsusilə də Gürcüstanda seçkilərdən sonrakı əsas siyasi oxları "laxlatmaq" istəyən qüvvələr təkrar 2000-ci illərin əvvəllərindəki inqilabi prosesləri bir daha gerçəkləşdirmək istəyirlər. Bu baş tutarsa, artıq Ermənistanın da Qərb profilinə keçməsi ilə Azərbaycan üzərinə həlledici hücum imkanı əldə olunur. Ümumiyyətlə İlham Əliyev beynəlxalq siyasətin analizini verərkən yeni dövrə və mərhələyə daxil olduq. Bundan başqa Üçüncü Dünya müharibəsinin açıq şəkildə getdiyini görürük. Yəni 52 dövlət Rusiya ilə savaşır. Belə olan şəraitdə biz böhran və nüvə silahının tətbiqi perspektivləri olarsa, bundan qaçılması üçün fərqli siyasi düzən, beynəlxalq təhlükəsizlik konfransları, görüşləri və addımlarını istəyirik. Bu mənada Qlobal İqlim Sammitini təhlükəsizlik və sülh zirvəsinə çevirən ölkə rəhbəri məhz ona görə atəşkəs çağırışı ilə çıxış etdi. Tarix bu faktları yadda saxlayır ki, Azərbaycan dövlətinin Prezidenti bunları etdi".