Ermənistan sülh prosesindən çəkilir -RƏY

Belə davam edərsə, sülh sazişi nəinki 2025-ci ildə, hətta 2026-cı ildə də imzalanmaya bilər

Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə dair fikirlərini növbəti dəfə bəyan edib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Ölkə rəhbərinin sözlərinə görə, erməni tərəfinin etməli olduğu daha iki məqam var: "Birinci məsələ Konstitusiyasını dəyişdirməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycana ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə, obyektiv şərtlərdir". Prezident vurğulayıb ki, Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir: "Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Minsk qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır?". Dövlət başçısı əlavə edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir: "Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi, bizimlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir". Prezident əlavə edib ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur: "Axı biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam". Dövlət başçısı qeyd edib ki, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Azərbaycan sülh sazişinin imzalanması üçün tələb etdiyi məsələləri dövlət başçısının dili ilə bir daha təkrarladı. Ekspertin sözlərinə görə, əgər Ermənistan sülh istəyirsə, bizə qarşı olan ərazi iddialarından imtina etməli, preambuladan Müstəqillik Bəyannaməsinə istinadı çıxartmalı, həmçinin Müstəqillik Bəyannaməsini də dəyişdirməlidir:
 "Çünki orada Qarabağın Ermənistana birləşməsi məsələsi öz əksini tapıb. Yəni Ermənistan Müstəqillik Bəyannaməsi ilə elan edir ki, Qarabağ Ermənistanın ərazisidir. Bundan sonra Azərbaycanla sülh sazişi imzalamaqdan danışır, "biz sülh istəyirik" deyirlər. Dəfələrlə tələb və izah olunub preambuladan həmin müddəa mütləq çıxarılmalıdır. Ancaq bunu müxtəlif bəhanələrlə reallaşdırmaq istəmirlər. Gah referendumu bəhanə gətirirlər, gah da başqa məsələlərdən danışırlar. Halbuki, preambulanı dəyişdirmək üçün Ermənistan Konstitusiyasının 202-ci maddəsinə görə referenduma ehtiyac yoxdur. Parlamentdə üçdə iki səs çoxluğu ilə preambulanı dəyişdirmək olar". 

Analitikə görə, digər məsələ Minsk qrupu ilə bağlıdır: 
"Məlumdur ki, 1992-ci ilin martında Minsk Konfransı yaradılıb. 11 dövlətdən ibarət bu Konfrans Qarabağa "status" vermək üçün yaradılmışdı. Minskdə konfrans keçirilməli, Qarabağa "status" verilməli və bu məsələ həll olunmalı idi. Nəzərdə tutulan vaxtda konfransı çağırmaq mümkün olmadı və konfransın o dövrdə sədri olan Mario Rafaelli elan etdi ki, Minsk qrupu yaradılıb. Kim yaradıb, hansı qərarla yaradılıb, hələ də məlum deyil. Qrupun yaradılması barədə ATƏT-in Nazirlər Şurasının qərarı var. Eyni zamanda Minsk konfransının həmsədrlərinin mandatı da var. Azərbaycan təklif edir ki, əgər bizə qarşı ərazi iddiası yoxdursa, Minsk qrupu da Minsk Konfransının davamı kimi Qarabağa "status" vermək üçün yaradılıbsa, onda ləğvetmə ilə bağlı birlikdə ATƏT-ə müraciət edilsin. Bugünlərdə ATƏT-in Nazirlər Şurasının iclası keçirildi və həmin iclasda bu məsələ qaldırıldı. Ancaq Ermənistan bunu etmək istəmir. Deyir ki, sülh sazişindən sonra məsələyə baxarıq. Qarabağla bağlı Azərbaycana ərazi iddiaları yoxdursa, separatizmi alovlandırmaq istəmirlərsə, nəyə görə Minsk qrupunun ləğv olunması məsələsində Azərbaycanla birlikdə hərəkət etmirlər?! Bunlar açıq şəkildə göstərir ki, Ermənistan sülh prosesini pozmaq cəhdlərindən imtina etmək istəmir. Ümid edir ki, "bəlkə də qaytardılar". Bəlkə də, hansısa xarici qüvvələrin köməyi ilə revanş götürmək mümkün oldu. Ermənilərin kollektiv şəkildə Qarabağa qayıtmasını təmin etmək mümkün hala gəldi və s. Bu səbəbdən İrəvan həm Konstitusiyanı dəyişmək, həm də ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsində Azərbaycanla birlikdə addım atmaq istəmir. Ermənistan belə davam edərsə, sülh sazişi nəinki 2025-ci ildə, ola bilsin ki, hətta 2026-cı ildə də imzalanmaya bilər".