“Rusiya üzr istəməli, yaralılara, həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir”
"Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar". Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. Nazirin sözlərinə görə, hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub. Nazir qeyd edib ki, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı: “Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”. Nazir, həmçinin vurğulayıb ki, istər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib: “Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”. Rəşad Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar: “Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, təyyarə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Eyni zamanda, radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Ancaq ekspert Rusiyanın qəsdən AZAL-a məxsus sərnişin təyyarəsini vurduğunu düşünmür:
"Düzdür, Rusiya bir çox hallarda beynəlxalq hüququ kobud şəkildə pozub. Lakin Azərbaycanla münasibətləri gərginləşdirmək Kremlə heç bir müsbət dividend vermir. Əksinə, Azərbaycan neytral ölkədir və Qərb ilə Rusiya arasında balans siyasəti həyata keçirir. Bundan başqa, Bakı Moskvaya qarşı Qərbin sanksiyalarına qoşulmadığı kimi, Ukrayna ərazilərinin işğal edildiyini də açıq şəkildə deyir. Təyyarəmizin vurulma faktının Rusiya rəhbərliyinə ilk anlardan deyilmədiyi hiss olunur. Çünki hadisə baş verəndə Rusiya prezidenti MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə hazırlaşırdı. Putin son illərdə MDB sammitlərinə xüsusi diqqət ayırır və çətin ki, sammitin gedişatına xələl gətirəcək bir əmr versin. Bununla belə, Rusiyanın xoşagəlməz addımları da var. Təyyarənin Qroznı, Mahaçqala və Minvod aeroportlarına enişinə icazə verilməməsi, Aktau Hava Limanına yönləndirilməsi ilk diqqətçəkən məqamdır. Bu, bir daha iz itirmə versiyasını gündəmə gətirir. Daha dəqiq desək, hadisədə günahkar olanlar bunu edib cəzadan yayınmağa çalışıb".
Analitik vurğulayıb ki, Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq da məsələnin Rusiya rəhbərliyinə (Putinə – red.) məruzəsindən sonra öz maraqları istiqamətində manipulyasiya etmək cəhdini göstərir:
"Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar. Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək. Faktiki olaraq təyyarəmiz Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb. Yəni Rusiya məsələdən yayına bilməz. Bununla belə, Kremlin səssizliyi diqqət çəkir. Əgər bu sükut davam edərsə, Bakı Moskvaya nota verə bilər. Rusiya üzr istəməli, yaralılara, həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir. Əgər bunu etməsə, iki ölkənin münasibətləri zərər görə bilər"