Təhlükədə olan erməni dövləti yox, dənizdən-dənizə Ermənistan ideologiyası idi
Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı faktlarını etiraf edib. O, 1993-cü il “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun “600 illik problem” olduğunu bildirib.
Xatırladaq ki, tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında toxunduğu məqamlar ilə özünü və ölkəsini ifşa edib.
Petrosyanın bu etirafları Azərbaycan xalqına qarşı nifrətin və işğalçılıq siyasətinin açıq etirafıdır. Ermənistanın azərbaycanlıları qovmaq hesabına monoetnik ölkə yaratmaq siyasətini bir daha təsdiqləyir. Əslində, Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququna mane olan Ermənistan bu gün də eyni cinayətkar siyasəti davam etdirir.
Onu da deyək ki, özünü “demokrat” adlandıran Petrosyanın bu faşist mahiyyətli yanaşması digər sabiq Prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Valla müsahibəsində Xocalı soyaqırımı ilə bağlı etirafından zərrə qədər fərqlənmir. Sarkisyan öz etirafında “stereotipi qırdıq” söyləməklə mülki azərbaycanlılara qarşı soyqırımı törədikləri üçün öyündüyü kimi, Petrosyan da “azərbaycanlılarsız Ermənistan və azərbaycanlılarsız Qarabağ” ideologiyası ilə öyünür və bunun erməni milli hərəkatının əsas hədəfi olduğunu etiraf edir. Petrosyan və Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərlərinin məkrli planları məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən iflasa uğradıldı. Qondarma demokratların, terrorçu səhra komandirlərinin planları darmadağın edildi. Tarixi torpaqlarımız 30 ilə yaxın davam edən işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qayıdıb, Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Yeni hədəfimiz isə növbəti tarixi ədaləti – soydaşlarımızın Qərbi Azərbyacana qayıdışını bərpa etməkdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Petrosyan kimi canilərin etirafları isə təbii ki, beynəlxalq hüquq çərçivəsində təhlil edilməli və azərbaycanlılara qarşı məqsədli şəkildə törədilmiş etnik təmizləmə, soyqırımı cinayətləri ilə bağlı müvafiq addımlar atılmalıdır.
Ter-Petrosyan kimi canilərin məkrli planlarının 30 ildən sonra darmadağın edildiyini vurğulayan politoloq Turan Rzayevin “Sherg.az"a açıqlamasına görə, videoda Ter-Petrosyanın qeyd etdiyi bir neçə məqam xüsus diqqət çəkir:
“1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu etiraf edən Ter-Petrosyan əlavə edib ki, “Əgər onlar Ermənistanda olsaydı (Qərbi azərbaycanlıları nəzərdə tutur), bizim dövlətimiz olmayacaqdı”.
Ter-Petrosyan həmçinin qeyd edir ki, azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər: “Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”.
Öncə onu qeyd edim ki, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlı yaşaya bilməzdi. Bu say çox azdır. Bu sayın minumum 250, maksimum 500 min insan olması lazımdır. Çünki ermənilərdən fərqli olaraq Qərbi azərbaycanlılar demoqrafik baxımdan artıma meyilli idi. Ermənistan SSRİ demoqrafik artım hesabatlarına belə baxdıqda, 1988-ci ilə qədər artımın olduğu görünür. 1988-ci ildən, yəni Qərbi azərbaycanlıların deportasiyasından sonra bu artım kəskin azaldı.
SSRİ dağıldıqdan sonra müstəqil olan Ermənistan əhalisi 4 milyona, Azərbaycan əhalisi isə 5 milyona yaxın idi. Ermənistanın hazırkı əhali sayı yenə 3 milyondur, Azərbaycanın əhalisi isə 10 milyondan çoxdur.
Əslində, Ter-Petrosyanın digər etirafı da Qərbi azərbaycanlıların sayının onun qeyd etdiyi rəqəmdən çox olduğunu göstərir. O deyir ki, azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Bu düzdür, amma misal üçün, Spitak rayonunda da azərbaycanlılar üstünlük təşkil edirdi. Ümumiyyətlə, İrəvan və ətrafı xaric Ermənistan SSR-in əksər rayonlarında Qərbi azərbaycanlıların sayı erməniləri üstələyib.
Ter-Petrosyanın etirafları bir daha onu göstərir ki, regionun demoqrafik, etnik vəziyyətini Azərbaycan yox, Ermənistan dəyişib. O ki qaldı onun “Əgər onlar Ermənistanda olsaydı (Qərbi azərbaycanlıları nəzərdə tutur), bizim dövlətimiz olmayacaqdı” sözlərinə, bu, tamamilə absurd bir yanaşmadır.
Məsələ ondadır ki, azərbaycanlılar yaşadığı heç bir ölkədə mərkəzi hakimiyyətə qarşı çıxmır, ya da onların qanunlarını pozmur. Məsələn, Gürcüstanda da azərbaycanlılar yaşayır. Gürcüstan azərbaycanlıları bu ölkədəki ən sülhpərvər və separatçılığa meyl etməyən etnosdur. Hətta 2008-ci il olaylarında belə Gürcüstana qarşı çıxmayan tək etnos azərbaycanlılar idi. Müqayisə üçün deyim ki, Cavaxetiyadakı ermənilər uzun illərdir separatçı fəaliyyət içərisindədir. Yəni nəticə etibarilə Qərbi azərbaycanlılar Ermənistanda qalsaydı, sayları bu gün iki milyondan çox olar, Ermənistan parlamentində azərbaycanlı deputatlar olardı.
O zaman erməniləri narahat edən nə idi?
Qərbi azərbaycanlılar Ermənistanda qalsaydı, ermənilər asanlıqla Azərbaycana qarşı işğalçılıq siyasətini gerçəkləşdirə bilməzdi. Yəni Qarabağın işğalını reallaşdırmaq üçün Qərbi azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi lazım idi. Ter-Petrosyanın dediyindən fərqli olaraq təhlükədə olan erməni dövləti yox, dənizdən-dənizə Ermənistan ideologiyası idi.
Nəticə etibarilə bu gün Ermənistan ilə Azərbaycan arasında sülh prosesi gedir. Proses necə başlayıbsa, elə də bitməlidir. Yəni Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmadan Ermənistan-Azərbaycan münaqişəsi tam bitməyəcək”.