Qonşuları narahat edənlər 200 manat cərimələnəcək - EKSPERT RƏYİ

Hər nə qədər mentalitet güclü olsa da, hər bir insan hüququna hörmət tələb etməlidir


"Gecə vaxtı, sübh zamanı, elə axşam çağı da insanların istirahət saatları hesab edilir. Bu vaxtlarda ətrafdakıları narahat edən davranışlara yol vermək, səs-küy salmaq qeyri-etik davranışlar, mədəniyyətsizlikdir”. Bu sözləri “Şərq”ə açıqlamasında psixoloq Fərqanə Mehmanqızı söylədi. 

Qeyd edək ki, gecə, sübh saatlarında bəzən qonşuların səs-küy salması, yaşayış binalarının yaxınlığında uyğunsuz vaxtlarda təmir işlərinin aparılması zamanı yaranan səs-küyün sakinlərin rahatlığını pozmasıyla bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir. İnsanlar istirahət vaxtlarında kənardan eşidilən səslərin, hay-küyün onları narahat etdiyini bildirirlər. Qanımıza hopmuş mentalitetə daxil olmuş “qonşuya zaval yoxdur” ehkamı təbii ki, üstün gəlir və kimsə qonşudan şikayətçi olmur. Amma bolluca deyinir, qarasınca asıb-kəsirik. 

Əslində isə uyğunsuz zamanlarda səs-küy salınmasına görə konkret cəza növü nəzərdə tutulur. İnsanların istirahət hüququnun pozulmasına görə cərimələr qanunvericilikdə təsbit olunub. Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Amma qonşudan, yaxud insanların istirahət zamanında küçədə aparılan səs-küylü təmir işinə görə kiminsə polisə müraciət etməsi hallarına çətin ki rast gələk.  



Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, hər nə qədər mentalitet güclü olsa da, hər bir insan öz hüququnu bilməli və hüququna hörmət tələb etməlidir: 
- Bəlkə də, çoxları məişət səs-küyünə görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulduğundan xəbərsizdir. Buna görə kiminsə cərimə ediləcəyini, polisin xəbərdarlıq etmək hüququnun olduğunu da bilmirlər. Səs-küylü qonşular olur, bəli. Amma çoxumuz “qonşudur, nə deyək, ayıbdır, sabah üz-üzə gələcəyik”, deyib üzərindən keçirik. Əslindəsə belə olmamalıdır. Hər kəsin istirahət hüququ var. Günün gec saatlarında, ya da səhər tezdən kimisə narahat edəcək hərəkətlərə yol vermək olmaz. Görürsən biri mənzilində drel işlədir, qaynaq işləri gördürür. Bunu günün iş saatlarında etməlidir. Yoxsa ki axşam 9-dan sonra, ya da sübh tezdən bu cür işlər görməklə başqalarını narahat edir. Avropada belə məsələlərə çox ciddi yanaşırlar. Hətta hansısa mənzildən uşağın ağlamaq səsi, qışqırıq eşidilirsə, dərhal əxlaq polisinə, ya da sosial ədalət şöbəsinə, uşaq himayə təşkilatlarına, başqa bu tip qaurumlara zəng edib vəziyyəti xəbər verirlər, ölçü götürülməsini tələb edirlər. Bu, ictimai nəzarət mexanizminin işləməsi deməkdir. İctimai nəzarət çox faydalıdır. Cəmiyyətin üzvləri harada necə davranmalı olduqlarını bilməlidirlər. Kütləvi yerlərdə edilən hərəkətləri fərdi şəkildə küçədə, həyətdə etmək olmaz. O adamın hərəkəti normal sayılmır. Hər davranışın, hər hərəkətin konkret icra olunma yeri var. Cəmiyyət üzvləri ictimai normalar daxilində hərəkət etməlidir.