Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində güclü yağış nəticəsində pəri bacasından qopan qaya parçaları turistlərin üzərinə düşüb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, hadisə Göreme Açıq Hava Muzeyinin yaxınlığında baş verib. Əraziyə polis, jandarma, AFAD və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Axtarış-xilasetmə işləri başa çatdırılıb.
Həlak olanların Türkiyə vətəndaşları Fatih Eray Tuna (31) və həyat yoldaşı Begüm Çetinkaya Tuna (31), eləcə də Fransa vətəndaşı Cynthia Francine Marie Madeleine Houpert (37) olduğu müəyyənləşib. Məlumata görə, Türkiyəli cütlük bu il iyulun 5-də ailə qurub və istirahət üçün Kapadokiyaya gəlibmiş.
Nevşehir valisi Hüseyn Kök bildirib ki, yaralanan 5 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, bir nəfərin isə bud nahiyəsində sınıq var və müalicəsi davam edir. Yaralılar arasında 8 yaşlı Fransa vətəndaşı da var.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başladılıb, beş ekspert cəlb olunub. Vali hadisənin bütün təfərrüatlarının araşdırılacağını bildirib.