ABŞ Müdafiə Nazirliyi İrana qarşı mümkün hərbi əməliyyat ssenarilərini Donald Trampa təqdim edib.
Sherg.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper cümə axşamı Ağ Evə gələrək İranla bağlı hərbi ssenariləri müzakirə edib. Bu müzakirələr Vaşinqtonun İrana qarşı əməliyyatları bərpa etmək ehtimalını nəzərdən keçirdiyi bir vaxta təsadüf edib.
Görüşdə Pentaqonun rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn və digər yüksək vəzifəli rəsmilər də iştirak ediblər. İran məsələsi ilə yanaşı, digər mövzular da müzakirə olunub.
Qəzetin yazdığına görə, bu görüşdən əvvəl, çərşənbə günü ABŞ hərbi rəhbərliyi vitse-prezident Cey Di Venslə də danışıqlar aparıb.
Nəşr qeyd edir ki, Kuperin Trampa şəxsən məruzə etməsi nadir hallarda baş verir. Bu səbəbdən onun Ağ Evə səfəri ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşa biləcəyinə işarə kimi qiymətləndirilir. Pentaqon və CENTCOM isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” Trampın tapşırığı ilə Cey Di Vensin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məxfi məktub göndərdiyini iddia etmişdi. Qəzetin məlumatına əsasən, vitse-prezident noyabrda keçiriləcək aralıq seçkilərdən sonra ABŞ-ın İrana yeni kütləvi zərbələr endirməsinin qarşısını almaq məqsədilə sülh dialoqunun bərpası imkanlarını araşdırmağa çalışıb.
Lakin Tramp Vensə İran rəhbərliyi ilə əlaqə saxlamağı tapşırdığı barədə məlumatları təkzib edib. “Tasnim” agentliyi isə Tehranın iddia edilən məktuba hələ cavab vermədiyini bildirib.