Körpənin ilk dəfə gülümsəməsi valideynlər üçün ən unudulmaz anlardan biridir. Bu, həm də onun sosial və emosional inkişafının mühüm göstəricilərindən sayılır.
Sherg.az xəbər verir ki, körpələr adətən 2-3 aylıqdan etibarən ətrafdakı insanlara baxaraq gülümsəməyə başlayırlar. İlk təbəssümlər çox kiçik və qısa müddətli olur. Dördüncü ayda gülümsəmələr daha aydın görünür, altı aylıqda isə körpələr tez-tez gülümsəyir, hətta gülməyə başlayırlar.
Mütəxəssislər bildirirlər ki, körpələr doğulduqdan sonrakı ilk dövrdə yuxuda da gülümsəyə bilərlər. Bu cür təbəssümlər sosial ünsiyyət deyil, əsasən yeni doğulmuş körpələrə xas reflekslərlə əlaqəlidir.
Körpəni güldürmək üçün nə etmək olar?
Valideynlər körpə ilə danışmaq, ona mahnı oxumaq, kitab oxumaq, gülməli üz ifadələri göstərmək və “ce-e” oyunu oynamaqla onun ünsiyyət bacarıqlarını inkişaf etdirə bilərlər. Körpə gülümsədikdə ona eyni şəkildə cavab vermək də qarşılıqlı əlaqəni gücləndirir.
Hansı hallarda həkimə müraciət edilməlidir?
Hər körpənin inkişaf tempi fərqli olduğundan, müəyyən yaşda gülümsəməmək hər zaman problem demək deyil. Bununla belə, bir yaşdan kiçik körpə göz təması qurmursa, sosial ünsiyyətə maraq göstərmirsə, səslər çıxarmırsa, əvvəl bacardığı hərəkətləri artıq etmirsə və ya əzələ nəzarətində çətinlik yaşayırsa, pediatrla məsləhətləşmək tövsiyə olunur.
Mütəxəssislər valideynlərə uşağın inkişafını digər körpələrlə müqayisə etməməyi, narahatlıq doğuran əlamətləri isə həkimlə müzakirə etməyi məsləhət görürlər.