Türk dünyasının yeni simvolu Ankarada açıldı

Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına ev sahibliyi edən Ankarada Türk Dövlətləri Sivilizasiya Parkının açılışı olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edib.

Sherg.az xəbər verir ki, park Türkiyə Prezident Kompleksinin ərazisində yaradılıb. Meşəlik sahədə salınan parkın tərkibində TDT Obası da fəaliyyət göstərir.

Obada səkkiz ölkənin bayrağı, yeddi ölkəyə aid tarixi-mədəni əsərlər və altı ölkənin çadırı yer alıb.

TDT-nin 13-cü Zirvə toplantısı çərçivəsində Ankarada Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan toplantıya ev sahibliyi edib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, TDT çərçivəsində tarixi, mədəni və dil bağları ortaq iradəyə, həmrəyliyə və konkret əməkdaşlığa çevrilir.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türk dünyası ilə əlaqələr bütün sahələrdə inkişaf etdirilir və məqsəd daha güclü, firavan və inteqrasiya olunmuş Türk dünyasının formalaşdırılmasıdır.