Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri bildirib ki, onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür. Bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir. Qeyd edək ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsimüddəti 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək olan dövrü əhatə edib. Dairə seçki komissiyaları sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməli idi.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, seçkidən sonra formalaşdırılacaq 685 bələdiyyənin perspektivdə üzləşəcəyi problemlər, xüsusəndə onların DSMF və digər borc məsələləri ilə bağlı müəyyən addımların atılması nəzərdə tutulmalıdır:
“Həmin borcların silinməsi ilə bağlı yuxarı səviyyədə sözügedən məsələnin müzakirə edilməsi vacib olan məqamlandandır. Yəni yeni yaradılan bələdiyyələri borcsuz formalaşdırmalı və onun büdcə gəlirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi üçün şəraitin yaradılmasına nail olmalıyıq. Bununla bağlı qanunvericilikdə və müəyyən normativ-hüquqi sənədlərdə düzəliş və əlavələrin edilməsinə mümkündür. Güman edirəm ki, burada ən vacib məsələlərdən biri bələdiyyələrin büdcə gəlirlərinin artırılması üçün müəyyən məqamlara təkan verilməsi ilə bağlı mövzulardır. Bələdiyyələrlə bağlı təsdiq edilən rüsümlar və əmsallar 1999-cu ildən bu günədək dəyişdirilmədən qalıb. Halbuki bütün sahələrdəki mövcud rüsumlar, habelə kommunal xidmətlərlə bağlı müəyyən sahələrdə artım olduğu halda bələdiyyələrin vergi və rüsum dərəcələrində heç bir dəyişiklik olmayıb. İstənilən halda hər kəs bilməlidir ki, bələdiyyə büdcəsinə daxil olan vəsait sonda sakinlərin probleminin həllinə yönəldilir”.
V.Tofiqli söyləyib ki, yeni formalaşdırılacaq bələdiyyələrdə daha çox işgüzar, bacarıqlı və vətəndaşın problemini həll etmək iqtidarında olan insanlara səs verilməsinin tərəfdarıdır:
“Çünki işini bilən insanlar prespektivdə vətəndaşın probleminin həllinə nail ola bilər. 2019-ci ildə seçkilərdə üzv və sonradan sədr seçilən şəxslər var idi ki, bələdiyyənin kifayət qədər yüksək borcunu bağlayıb. Eyni zamanda ən neqativ fikir formalaşan bələdiyyəni nümunəvi səviyyəyə gətirib çıxarıb. Ona görə də seçəcəyimiz 685 bələdiyyə sədri, o cümlədən 8071 üzvünün bacarıqlı və işgüzar olmasına çalışmalıyıq. Belə olan halda daha yaxşı bələdiyyə vətəndaşın problemini adekvat həll etmək imkanında olacaq. 685 bələdiyyənin daha çevik olması üçün müasir informasiya texnologiyalarına da üstünlük verilməlidir. Artıq Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) təşəbbüsü ilə BAMS proqramı vasitəsi ilə bir çox proseslərin icrası “onlayn” sistemə keçib. “Onlayn” sistemə keçidi hər bir bələdiyyə daha çevik şəkildə icra etməli və buna səy göstərməlidir. İstər vergilərin ödənişinin onlayn sistemlə, habelə vətəndaşı vergiyə cəlb edilməsi üçün SMS xidmətinin təşkili nəticə etibari ilə bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olmaqdadır. Məhz ABMA-nın bu addımlarının nəticəsidir ki, vergi daxilolmalarının həcmi ötən il 21 faiz artıb.”