Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov şəhər meri Arçil Çikovani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Batumi meriyasından bildirilib.
A.Çikovani konsulu Batumidə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında sıx münasibətlər müzakirə olunub. Tərəflər Naxçıvan və Batumi arasında əməkdaşlığa da toxunublar. Bildirilib ki, şəhərlər arasında imzalanmış dostluq haqqında memorandum əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın intensivləşdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
Xatırladaq ki, F.Əzizov Azərbaycanın Batumi şəhərində baş konsulu vəzifəsinə ötən ilin noyabrında təyin olunub. Naxçıvan və Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair memorandum 2012-ci ildə imzalanıb.