Ermənilər heç də göründüyü kimi Qərb aşiqi deyillər - ŞƏRH

Rusiya indiki Ermənistan hakimiyyətinə qarşı narazı olsa da dövlət olaraq hər zaman Ermənistanın yanındadır və bu belə də olacaq

Paşinyan hökuməti bir tərəfdən Qərblə münasibətləri yaxşılaşdırmağa və onun dəstəyini qazanmağa çalışır, digər tərəfdən isə Ermənistanın hələ də Rusiyanın strateji müttəfiqi olaraq qaldığını göstərir. Bu siyasət, bir növ, ikili oyun kimi görünür, çünki Ermənistan Qərbə yaxınlaşmaq istəsə də, Rusiya ilə olan hərbi və siyasi ittifaqından tamamilə imtina edə bilmir. 

Elə Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanın görüşü buna nümunədir. Lavrovun Mirzoyanla son görüşündən sonra keçirilən mətbuat konfransında Ermənistanla bağlı söylədiyi xoş sözlər, Moskvanın İrəvanla münasibətlərində yaranmış gərginliyə baxmayaraq, dialoqu qoruyub saxlamağa çalışdığını göstərir. Bu açıqlamalar, xüsusilə son dövrlərdə Ermənistanın Qərbə doğru atdığı addımlara və Rusiya ilə münasibətlərində müəyyən soyuqluğun yaranmasına baxmayaraq, Kreml üçün Ermənistanın hələ də vacib tərəfdaş olduğunu vurğulamaq məqsədi daşıya bilər. Lavrovun çıxışında konstruktiv mesajların səslənməsi, Moskvanın İrəvanı tamamilə itirmək istəmədiyini və tərəflər arasında münasibətlərin yumşaldılması üçün diplomatik kanalların açıq saxlanıldığının sübutudur. Həmçinin 2023-cü ilin statistikasına əsasən, Rusiya həm Belarus, həm də Ermənistan üçün əsas ticarət tərəfdaşı olaraq qalır. Belarusun ümumi ticarət dövriyyəsinin 52,7%-i, Ermənistanın isə 41,1%-i məhz Rusiya ilə həyata keçirilib. Ermənistanın son dövrlərdə Qərbə inteqrasiya cəhdlərinə baxmayaraq, ticarət əlaqələrinin böyük hissəsinin Rusiyaya bağlı qalması bu iki ölkə arasında iqtisadi əlaqələrin nə qədər dərin olduğunu ortaya qoyur. Görünən odur ki, Rusiya-Ermənistan münasibətlərində baş verənlər sadəcə siyasi teatrın bir hissəsidir və əslində Moskva ilə İrəvan arasında ciddi bir ayrılıq yoxdur.

Rusiya-Ermənistan əlaqələrini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Tural İrfan bildirib ki, Ermənistanın dövlət kimi yaranmasında birbaşa Rusiyanın rolunun olduğunu unutmamalıyıq:

“Bu dövlətin yaranması səbəblərindən və ideoloji əsaslarından biri də Rusiyadan daimi asılılıqdır və Ermənistan həmişə rəsmi Moskvanın əlində bir alət kimi istifadə edilib. Bu günki hakimiyyət özünü nə qədər qərbyönlü göstərməyə çalışsa da, Rusiyanın təsirindən çıxa bilməməsi bir faktdır. Qərb Ermənistan kimi dövlətlərə siyasi və hərbi dəstək versə də, iqtisadi cəhətdən çıxarılarını təmin etməsinə və iqtisadiyyatını inkişaf etdirməsinə qaneedici dəstək vermir. Ermənistanın məqsədi iqtisadi cəhətdən Rusiyadan istifadə etmək və siyasi cəhətdən Qərbin yanında olmaq. Dövlət kimi öz müstəqil siyasətini yürütmək niyyətində olmayan, həmişə başqalarının əlində istifadə olunmaq yolunu seçən Ermənistan isə gah Rusiyanın, gah İranın, gah da ABŞ və Fransanın planlarının tərkib hissəsi olub. Hazırda Ermənistanın ticarət dövriyyəsinin Rusiya ilə artması buna misaldır”. 

Ekspert qeyd edib ki, Rusiya, İran və Fransa kimi dövlətlərin ayrı maraqları olduğu kimi ortaq maraqları da var:

“Onların məqsədi Azərbaycan və Türkiyəni Ermənistan vasitəsi ilə mümkün qədər narahat durumda saxlamaqdır. Rusiya ikinci Qarabağ savaşına qədər Ermənistana qeyd-şərtsiz dəstək verib və işğalın davam etməsində bilvasitə səbəbkar olub. Lakin Paşinyan hökumətinin Qərbi də öz himayədarı arasına qatması, bir növ Rusiyaya şərik etməsi Rusiyada narazılıq yaratdı. Rusiya indiki Ermənistan hakimiyyətinə qarşı narazı olsa da dövlət olaraq hər zaman Ermənistanın yanındadır və bu belə də olacaq. Ermənistanda müxalif qüvvələr və Rusiyanın təsirində olan siyasi fiqurlar var ki, Rusiya onları başa keçirmək üçün fürsət gözləyir. Şübhəsiz ki, Ermənistan hakimiyyəti üçün əsas olan havadarlarını razı salmaqdır. Bunun üçün də gah Qərbin gah da Rusiyanın əlinə oynayır. Ermənistan hökuməti Qərbdən Azərbaycan və Rusiyaya qarşı təziq vasitəsi kimi istifadə edir. Əslində ermənilər heç də göründüyü kimi Qərb aşiqi deyillər. Rusiya da öz növbəsində hər vəchlə Ermənistanı əldən vermək istəmir”.