Azərbaycan dövləti vaxtında USAİD-in çirkin fəaliyyətinin qarşısını aldı -ANALİZ

Bəzi dövlətlər bizim kimi şanslı olmadı


“Bir çox ölkədə məhz USAİD-in birbaşa iştirakı ilə inqilablar olub, daxili təlatümlərə rəvac verilib, xalqlar bədbəxtliyə sürüklənib”


Yüzdən çox ölkədə qeyri-hökumət təşkilatlarına və müxtəlif layihələrə maliyyə vəsaiti ayıran ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Qərbi Balkan regionu ölkələrində də “çoxşaxəli fəaliyyət” göstərib. Agentliyin təkcə 2020-2024-cü illərdə region ölkələrində 1,7 milyard dollar xərclədiyi bildirilir.
USAİD qeyd olunan illərdə Serbiyada 209 milyon dollar, Bosniya və Herseqovinada 402 milyon dollar, Şimali Makedoniyada 290 milyon dollar, Monteneqroda 77 milyon dollar, Albaniyada 189 milyon dollar və Kosovoda 537 milyon dollar xərcləyib.
Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

 Siyasi şərhçi Azər Həsrət bildirib ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dağıdıcı, pozucu fəaliyyəti artıq hamıya bəllidir. Onun sözlərinə görə, dünyada yaranmış yeni reallığı və ABŞ Prezidenti Donald Trampın “siyasi tornado”sunu nəzərə alsaq, əsas silahın dezinformasiya olduğu, konkret siyasətlərin yaradılması və digər ölkələrdə təbliği üçün USAİD və digər fondların dezinformasiyalara nə qədər vəsait xərclədiyi hər kəsə aydın olacaq:
 "USAİD barəsində yayılan iddialar bizim üçün yeni xəbər deyil. Bu haqda kifayət qədər məlumatlıyıq. Bu səbəbdən də USAİD-in rəhbəri olmuş Samanta Pauerin ermənilərə qarşı xüsusi rəğbəti və yeritdiyi anti-Azərbaycan mövqeyi bizdə təəccüb doğurmurdu.  Bu qurumun fəaliyyəti, həqiqətən də, ona yönəlmişdi ki, yeni demokratiyalar dünyada yavaş-yavaş öz yerini tumağa çalışan dövlətlərə mənfi təsirləri gücləndirsin. Bunun üçün ABŞ vətəndaşlarının vergi hesabına ödədiyi pulları öz çirkin məqsədləri üçün istifadə edirdilər. Bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp zaman-zaman həyəcan təbili çalırdı. Yanvarın 20-də and içib vəzifəsinə başlamazdan əvvəl də artıq bu siqnalları verirdi. Hazırda Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri vəzifəsində olan iş adamı İlon Mask araşdırmalara başlayıb. Maraqlıdır ki, onun araşdırmalarına ilk andan əngəllər törətmək üçün cəhdlər edilib. Bundan sonra Tramp dövlət katibi Mark Rubionu USAİD-in müvəqqəti rəhbəri təyin edərək araşdırmalara davam edib. Ortaya çıxan səhnə, görüntülər dəhşətlidir. Bəlli olur ki, birincisi, bu qurum həqiqətən də, maliyyə şəffaflığına malik deyil, ikincisi, pullar hara gəldi, necə gəldi, kimə gəldi xərclənib, üçüncüsü isə, USAİD adlı qurum Amerika vətəndaşlarının pulları hesabına dağıdıcı, zərərli fəaliyyətlərlə məşğul olub". 

Azərbaycan dövlətinin cəld tərpənib vaxtında USAİD-in çirkin fəaliyyətinin qarşısını aldığını vurğulayan siyasi şərhçi digər dövlətlərin bizim kimi bu məsələdə şanslı olmadıqlarını xatırladıb. Onun sözlərinə görə, bir çox  ölkədə məhz USAİD-in birbaşa iştirakı ilə inqilablar olub, daxili təlatümlərə rəvac verilib, xalqlar bədbəxtliyə sürüklənib. Belə örnəklər sırasında Gürcüstanı, Ukraynanı, "Ərəb baharı"na tuş gəlmiş ərəb ölkələrini göstərə bilərik. Yəni USAİD digər bənzər qurumlarla birlikdə bu ölkələrdə daxili təlatümlərə rəvac verib.