Sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb
Artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb
“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”. Bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. Dövlət başçısı qeyd edib ki, Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilib. Lakin biz gələcəyə baxmalıyıq: "Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir". Ölkə rəhbəri bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb, İrəvan açıq qalan iki maddəni qəbul edib. Nazir bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır: "Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir". O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir: "Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi, Ermənistanın konstitusiyasında dəyişməli olan məqamlar var. Məhz bu regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil və bu xüsusda bir sıra nümunələr mövcuddur".
Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, 17 maddədən ibarət olan sülh sazişinin mətnində razılaşdırılmayan iki maddə var idi. Ekspertə görə, onlardan biri beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasıdır:
"Əgər bu iki maddə üzrə razılıq əldə olunubsa, Ermənistan Aİ müşahidəçilərini sərhəddən çıxarmalıdır. Hərçənd, İrəvan Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətinin daha iki il uzadılmasına razılaşıb. Bununla yanaşı, dünən Bakının sülh sazişinin mətni ilə bağlı 12-ci təklifinə cavab verdiklərini deyən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan razılaşdırılmayan iki maddə ilə bağlı əvvəlki mövqeni təkrarlayıb. Qeyd edib ki, iddialardan imtina edilir, lakin “müşahidəçilər sərhədin delimitasiya edilmiş hissələrindən çıxarılır. Bu yanaşma həm də Ermənistanın sərhədin delimitasiyasını öz maraqlarına uyğun aparılması planının tərkib hissəsidir. Bakı və İrəvanın açıqlamalarında suallar yaradan məqamlar var. Üçüncü qüvvələrin sərhəddən çıxarılması maddəsində hansı tərəf geri addım atıb? Azərbaycanın bu məsələyə sərt yanaşması bəllidir. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bunu bir daha təkrarladı. Ermənistanın geri çəkildiyinə dair siqnallar da yoxdur. Mirzoyanın dünənki açıqlaması bunu təsdiq edir. Bu halda açıq mənbələrdəki məlumatlara əsaslanaraq, iki mümkün ehtimalı irəli sürmək olar. Ola bilər, bu maddə sülh sazişi mətnində Bakının başqa bir tələbi ilə əvəz olunub. İrəvan tərəfi əvvəldən tələblərin dəyişdirilməsini istəyirdi. Ya da Aİ müşahidəçilərinin Ermənistanda fəaliyyəti davam etsə də, sərhəddə patrul xidməti dayandırılır, kənardan ofis şəraitində işləyirlər. Bunlar ehtimal olaraq qalır. Lakin danışıqlar prosesində ictimaiyyətə açıqlanmayan məqamların olduğu da nəzərə alınmalıdır"