Ermənistan Minsk qrupunun ləğvində daha çox maraqlı olmalıdır -ŞƏRH

Ermənistan hakimiyyəti Rusiya, ABŞ və Fransanın həmsədrləri olduğu ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki “Qarabağ hərəkatını” davam etdirmək niyyətində deyilik. 
Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənistan istər-istəməz Minsk qrupunun ləğvinə razılaşmalı olacaq:

“Çünki Minsk qrupu Qarabağ problemini həll etmək üçün tərəflər arasında vasitəçi kimi yaradılmışdı. Həmin Minsk qrupuna Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları olmaqla üç həmsədr təyin olunmuşdu. Qrum və həmsədrləri uzun illər müzakilər apardılar, Bakı və İrəvanda kabab yedilər. Lakin ortaya heç bir nəticə qoya bilmədilər və faktiki olaraq Minsk qrupu missiyasını yerinə yetirə bilmədi. Nəticədə Azərbaycan öz qolunun gücünə problemi birdəfəlik həll etdi. İndi də Minsk qrupunun qalmasının heç bir əsası yoxdur. Ortada heç bir problemin olmadığını Ermənistan da başa düşür. Ona görə də Ermənistan Minsk qrupunun ləğvinə razılaşmalıdır və vaxtı uzatmaq İrəvanın ziyanınadır. Azərbaycan Ermənistandan fərqli bir şey istəmir. Ermənistan “Qarabağ hərəkatını” davam etdirmək niyyətində deyilsə, niyə Minsk qrupunun qalmasına razıdır? Ermənistan Minsk qrupunun buraxılmasına razı olsa, iki ölkə arasında sülh müqaviləsinin imzalanması sürətlənər. Ona görə də Azərbaycandan daha çox Ermənistan Minsk qrupunun ləğvində maraqlı olmalıdır. Minsk qrupunun ləğv olunmaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əngəldir”.