Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
Bu barədə “Halk TV” məlumat yayıb.
Məlumatda bildirilib ki, CHP-nin təşkil etdiyi 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı.
Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, CHP-nin qurultayının baş tutacağı əvvəlcədən məlum idi:

“Çünki, Əkrəm İmamoğlunun həbsi bunu labüd edirdi. Əks təqdirdə partiya rəqiblərin ya nəzarətinə keçərdi, ya da daxildən parçalanar və ya zəifləyərdi. Düşünürəm ki, doğru qərar verdilər. Çünki, qarşıdan 2028-ci ildə Türkiyədə keçiriləcək prezident seçkiləri gəlir. Qalan 3 il ərzində ana müxalifət həm də prezidentliyə namizəd kimi irəli sürdüyü Əkrəm İmamoğlunun azadlığa çıxması üçün çalışacaq, onun diplomunun saxta olmadığı barədə irəli sürdükləri arqumentləri əsaslandırmağa cəhd edəcəklər. Lakin bu proses asand olmayacaq. Əgər CHP istədiyinə nail olmasa, o zaman yeni bir namizədlə çıxış etmək məcburiyyətində qalacaq. Onun üçün də alternativlərinin olması vacibdir. Baxmayaraq ki, İmamoğludan sonra namizəd kimi gözlər daha çox Ankaranın bələdiyyə başqanı Mənsur Yavaşa yönəlib, amma hesab edirəm ki, növbəti dəfə sədr seçilən Özgür Özəli gözardı etmək olmaz. Hətta bir proqnoz səsləndirim ki, İmamoğlu olmazsa, alternativ namizəd Özgür Özəl olacaq. Böyük ehtimalla Ərdoğanın seçkilərdə elə rəqibi də o olacaq. Çünki, indiki şərtlər daxilində Əkrəm İmamoğlunun azadlığa çıxması mümkünsüz görünür. Azadlığa çıxsa belə, diplom problemi həllini tapmayacaq və o, sonunda tam dəstəyini Özələ verəcək”.
Partiya sözçüsü qeyd edib ki, qarşıdakı 3 ildə Türkiyə siyasətinin daha da canlanacağını düşünür:
“Müxalifət düşərgəsində yenilənmə gedir. Bu da son bələdiyyə və prezident seçkilərində güclü görünən müxalifətin gücünü bir qədər zəiflədə bilər. Amma hesab edirəm ki, qardaş ölkənin iqtidarı üçün istənilən halda 2028-ci ildəki prezident seçkiləri asan keçməyəcək. Növbədənkənar seçkilərə gedilsə belə, bu da AKP üçün asan olmayacaq. Özgür Özəl, Mənsur Yavaş, lap tutaq ki, Kamal Kılıçdaroğlu olsun, Əkrəm İmamoğlu kimi daha nüfuzlu, xarizmatik, xalqa yönəlik cəlbedici siyasətçilər olmasalar da, onların istənilən birinin namizədliyi iqtidara çətin anlar yaşada bilər. Bunun da daxili səbəbləri məlumdur. İstənilən halda Türkiyə bizik. Qardaş ölkə üçün bu proseslərin acısız keçməsini arzulayırıq”.