Bakı dünya nizamının tənəzzülünün güclü siqnallar yaradacağını da hesablayır
“Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi azərbaycanlıların geri dönüşünə qədər geniş paketi icra edəcək gücü və potensialı toplayıb”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. Dövlət başçısının Forumdakı çıxışı qlobal güclər arasında yeni dünya nizamı uğrunda gedən mübarizəyə Azərbaycanın strateji baxışını ortaya qoyur. Ölkə rəhbərinin tezisləri və mövqeləri təkcə Cənubi Qafqaz üçün deyil, Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturası üçün proqnozları və mümkün nəticələrə yanaşmanı sərgiləyir. Prezident çıxışında bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Azərbaycanın prinsipial mövqeyidir, lakin qlobal mübarizə taktikalarındakı üsul dəyişiklikləri Ukrayna ilə bağlı böhranı da dərinləşdirir. ABŞ-Rusiya danışıqlarının təqdim edilən razılaşma sənədi Ukraynanı qane etmir. Eyni zamanda ümumilikdə Rusiya, ABŞ və Çin yeni mübarizə strategiyaları izləməklə əməkdaşlıqla rəqabətin çərçivələrini müəyyən edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri Aqşin Kərimov "Sherg.az"a deyib ki, Avropa İttifaqı təhlükəsizliyindən dolayı stress altına düşür. Ekspertin sözlərinə görə,
Azərbaycan regional təhlükəsizliyi sabitləşdirmək üçün əhəmiyyətli diplomatik səylərə malikdir, lakin Bakı dünya nizamının tənəzzülünün güclü siqnallar yaradacağını da hesablayır:
"Buna görə də Azərbaycan qlobal və regional qeyri-müəyyənliklər səbəbindən müdafiə qabiliyyətini gücləndirmək üzərində daha çox işləyir. Ukraynadakı müharibənin ədalətli həlli ilə əlaqədar sülh perspektivi üfüqdə görünmür və Azərbaycan ABŞ-Rusiya dialoqunu daha çox qlobal nüfuz bölgüsünə yeni münasibətin ölçüsü kimi qiymətləndirir. Bu isə Ukrayna üzərində atəşkəs və sülh razılaşması ilə əlaqədar problemli mənzərə yaradır. Çünki danışıqlarda Kiyevin mövqeyi böyük bir ölçüdə nəzərə alınmır. ABŞ-Rusiya münasibətlərinin istiləşməsi, ABŞ ilə Çin arasında gərgin münasibətlərin dinamikası yaxın perspektiv üçün fərqli strateji rəqabət meydanı yaradır. Prezident İlham Əliyevin Ukrayna böhranı ilə bağlı yanaşması qlobal və regional təhlükəsizliyin yenidən qurulması ilə əlaqədar proqnozları və təhlilləri özündə ehtiva edir. Bu, qlobal mənada iki aspekt üzərindən də təhlilə ehtiyac yaradır. Transatlantik məkanda baş verən geosiyasi gərginliklər və Çinin strateji fəallıqlarını gücləndirməsi...".
Analitik əlavə edib ki, Donald Trampın ikinci administrasiyası dövründə Ukrayna ilə əlaqədar çalarlar, çox güman ki, Avropa və Hind-Sakit okean regionunda qeyri-müəyyənliyi gücləndirir və proseslər zəncirvari şəkildə əlaqələnir: "Azərbaycan özünü beynəlxalq gərginlik və yüksək eskalasiya risklərindən kənarda tutmaq üçün davamlı strateji inkişafa yönəlir və aparıcı geoiqtisadi mərkəz kimi cəlbedicilik xüsusiyyətləri qazanır. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həmin istiqamətlərə əlavə dəyər qata biləcək gücdədir. Azərbaycan maksimum şəkildə Ermənistanla münasibətlərdə müharibənin geri qayıtmamasını təmin etmək üçün genişmiqyaslı sülh və diplomatik fəallıq nümayiş etdirir. Ermənistanın konstitusiyasını dəyişdirməsi Prezident İlham Əliyevin gündəmində sülh gündəliyinin uğurlu inkişafı üçün prioritet təşkil edir. Əgər Ermənistan konstitusiyasını Azərbaycanın tələb və şərtləri əsasında dəyişsə, bu, Bakının İrəvan üzərində yüksək səviyyəli institusional təsirini yaradacaq. Bu, dayanıqlı sülh və təhlükəsizlik üçün vacib elementdir, hərçənd ki, Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaratmağı hədəfləyən qüvvələrin poliqonuna çevrilib. Yüksək, intensiv diplomatik-siyasi səyləri, həmçinin Ermənistan və onun havadarlarının buna maneələr yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi azərbaycanlıların geri dönüşünə qədər geniş paketi icra edəcək gücü və potensialı toplayıb. Beləliklə, zaman Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir".