Tanınmış beynəlxalq ekspertlər mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ziyarət edirlər
Azərbaycan növbəti beynəlxalq tədbirə - “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş 7-ci ADA Siyasi Forumuna ev sahibliyi edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumda iştirak edərək geniş məzmunlu çıxış edib. Bu mötəbər forumda dünyanın 44 ölkəsindən 80-dən çox ekspert, beyin mərkəzlərinin nümayəndələri və tanınmış politoloqlar iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd etmək lazımdır ki, bu kimi beynəlxalq Forumların mütəmadi olaraq ölkəmizdə keçirilməsi zamanı müxtəlif ölkələrdən olan ekspertlərin Azərbaycana səfərləri ölkəmizi daha yaxşı tanımağa imkan yaradır. Beynəlxalq forumda çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirib: “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir”.
Beynəlxalq forumda ölkəmizin başçısı öz çıxışında qonşu Ermənistanla olan münasibətlərə xüsusi yer ayırıb. Vurğulayıb ki, bütün şansların olmasına baxmayaraq, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi.
Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrətin "Sherg.az"a açıqlamasına görə, son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir:
"Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlər mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalinin sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
Ölkə başçımız İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb.
Bu cür konfranslardan sonra iştirakçılar işğaldan azad olunmuş hansısa şəhər və ya rayonumuza səfər edirlər. Bu da erməni vandalizminin dünyaya tanıdılması istiqamətində təqdirəlayiq addım hesab olunur. Forumların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya təqdimatıdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən bir dövr ərzində iri platformalara çıxışının olmaması və ya çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmışdı. Lakin cənab Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlara nail olub ki, Azərbaycan nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır. Belə forumlara Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın dünyadakı nüfuzunu artırır və ümumiyyətlə, bir dövlət kimi dünya siyasətindəki rolunu daha qabarıq göstərir".
A.Həsrətin sözlərinə görə, ölkə rəhbəri bu beynəlxalq iqlim sessiyasında respublikamızın səyi ilə digər mühüm bir uğura – karbon bazarının funksional edilməsi ilə bağlı razılığa gəlinməsinə də imza atıldığını diqqətə çatdırıb.. Yeri gəlmişkən, BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının gərgin keçməsi, lakin uzun müzakirələrin sonunda uğurlu razılaşmanın əldə edilməsi iqlim dəyişikliyi ilə mübarizə tarixinə qızıl hərflərlə yazıldı:
"Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri – təbii fəlakətlərin zərərinin azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması məqsədilə hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.
Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: “Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə “yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Onların şirkətləri “yaşıl” ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda, biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə “yaşıl” enerji sahəsinə yatırımlar qoyulsun".
Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb".
Əməkdar müəllimin fikrincə, işğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində 2 ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib.