Ermənistanda müharibə ab-havasının hökm sürməsi məqsədli həyata keçirilən siyasətin bir parçasıdır
Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir. Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib: “Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var” - Sərkisyan bildirib.
Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur:
“Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması mütəmadi hal alıb. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır.
Ancaq şərti sərhəd istiqamətində yaşayan ermənilər sosial şəbəkələrdə baş verənləri yazdıqdan, videolarını paylaşdıqdan sonra Ermənistan məcbur olub atəşkəsin pozulmasını etiraf etib.

Regiondakı prosesləri dəyərləndirən araşdırmaçı jurnalist Asəf Quliyevin “Sherg.az”a açıqlamasına görə, son vaxtlar Ermənistan cəmiyyətində ən çox müzakirə olunan mövzu Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyi ilə bağlıdır:
“Müəyyən dairələr sanki Ermənistanda bir xof yaratmağa çalışırlar ki, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla açmağa cəhd edə bilər. Halbuki bu, əsassız ittihamdır. Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür və ərazilərin qarşılıqlı tanınması prinsipinə söykənərək öz siyasətini aparır.
Ermənistanda müharibə ab-havasının hökm sürməsi isə məqsədli həyata keçirilən siyasətin bir parçasıdır. Ermənistan hökuməti qərbdən daha çox hərbi və maddi dəstək almaq üçün bilərəkdən bu məsələni qabardır. Ermənistan qoşunlarının Azərbaycan ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutması da məhz bu amillərlə bağlıdır.
Atəşkəs pozulması ilə yanaşı Ermənistan tərəfinin şərti sərhəd istiqamətinə qoşunlar cəmləşdirməsi, müdafiə xətlərini gücləndirməsi, kəşfiyyat xarakterli addımlar atması da cəmiyyətdə toqquşma olacağına dair narahatlıq yaratmağa hesablanan əsassız manevrləridir. Paşinyan hökuməti bu kimi addımlarla sülh müqaviləsinin daha sərfəli şərtlərlə bağlanmasına nail olmaq istəyir. Lakin onlar bir şeyi unudurlar ki, indiki reallıqda Ermənistanın sülh şərtlərini diktə etmək imkanı və gücü yoxdur. Cənubi Qafqaz regionunda şərtləri məhz Azərbaycan dövləti diktə edir və sülh müqaviləsi məhz bizim istədiyimiz şərtlərlə bağlanacaq”.