10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında bildirilib.
Qeyd edilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda deyilir.
Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, görüşün Əbu-Dabidə keçirilməsi təsadüfi deyil:
"Əvvəla, belə görüşlər üçün keçirilən məkan, yəni seçilən ölkənin hər iki tərəflə münasibətləri vacib rol oynayır. BƏƏ-nin həm Azərbaycanla, həm də Ermənistanla iqtisadi və siyasi müstəvidə münasibətləri mövcuddur. Digər tərəfdən yeni bir platformanın seçilməsi sülh danışıqları prosesinə xarici müdaxilələrin qarşısını almağa xidmət edir. İndiyə qədər danışıqlar əsasən Qərb və ya Rusiya platformalarında aparılırdı. Bu isə digər tərəflərin, məsələn, Rusiya platformasında danışıqlar gedəndə Qərbin, Qərb platformasında isə Rusiyanın müdaxiləsinə şərait yaradırdı. Əbu-Dabidə keçirilən bu görüş isə tamam yeni gündəm təqdim edir. Üçüncü amil isə ABŞ faktorudur. Məlumatlara görə, ABŞ xüsusilə Zəngəzur dəhlizinin açılması və ümumilikdə tərəflər arasında razılaşma əldə olunması ilə bağlı təkliflərlə çıxış edir. ABŞ, xüsusilə Tramp administrasiyası dövründə bir çox sülh danışıqlarını məhz ərəb ölkələrində keçirir. Bu baxımdan ehtimal etmək olar ki, bu dəfə də ABŞ dolayısı ilə prosesi təşviq edir və danışıqların bu formatda keçməsinə dəstək verir".
Analitik əlavə edib ki, görüşün nəticələrinə baxdıqda məlum olur ki, əsas diqqət Zəngəzur dəhlizinin açılması və sülh gündəliyinin geniş istiqamətdə davam etdirilməsinə yönəlib:
"Tərəflər razılaşdırılmış şəkildə ciddi və konstruktiv müzakirələr apardıqlarını bildiriblər. Görüş yekun sülh sazişinin imzalanması ilə nəticələnməsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Həmçinin bir sıra həll olunmamış Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası, Azərbaycanın tələbləri, Ermənistanın konstitusiyasını dəyişməsi və Minsk qrupunun fəaliyyətinə son qoyulması kimi məsələlər də müzakirə edilib. Hazırkı münasibətlər fonunda, təmasların intensivliyi və regional vəziyyətin qiymətləndirilməsi göstərir ki, tərəflər sülh prosesini hüquqi çərçivəyə salmaq üçün siyasi iradə ortaya qoyurlar. Gələcəkdə bu prosesin nə qədər praktik nəticələr verəcəyini isə zaman göstərəcək. Amma bu görüş, həm siyasi iradənin nümayişi, həm də sülh sazişinə aparan yolda mühüm addım kimi qiymətləndirilə bilər".
Asif Nərimanlının fikrincə, görüş yüksək səviyyədə və geniş tərkibdə keçirilib:
"Orada baş nazirlərin, xarici işlər nazirlərinin, Azərbaycan Prezidentinin köməkçisinin, Ermənistan Baş nazirinin köməkçisinin və digər əsas şəxslərin iştirakı müşahidə olunub.
Xüsusilə son aylar ərzində tərəflər arasında təmaslar əsasən beynəlxalq tədbirlərin kənarında baş tutmuşdu və bu səbəbdən də mövzular qısa şəkildə müzakirə edilirdi. Ümumilikdə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış növbəti ciddi addım kimi dəyərləndirilə bilər".