Pezeşkian yeni siyasətin simvoludur -ŞƏRH

Prezidentin sözləri İranda dəyişən baxışları əks etdirir
 Bu, sadəcə Zəngəzur dəhlizi ilə bağlı deyil, həm də ümumilikdə İranın xarici siyasəti və regional siyasəti ilə əlaqəlidir
İran tərəfindən Zəngəzur dəhlizi ilə bağlı sürpriz bəyanatlar səslənməkdədir. Rəsmi Tehranın dəhlizin açılmasına “yaşıl işıq” yandırdığı deyilir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani isə açıqlama verib ki, İran Ermənistanın suverenliyini qorunmaq şərti ilə kommunikasiyaların açılmasına müsbət yanaşır. Qeyd edək ki, indiyə kimi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan rəsmi Tehranın son günlərdə geri addım atmağa məcbur qaldığı görünür. 
 Politoloq Zaur İbrahimli Sherg.az-a deyib ki, İran diplomatiyasının Azərbaycana münasibətdə  yenidən inşa olunmasının şahidi olmaqdayıq. Ekspert vurğulayıb ki, bununla yanaşı İran XİN-də Azərbaycanla münasibətlərin normallaşmasının əleyhinə çıxan bəzi dairələr var: 
"İran rəhbərliyinin bütünlüklə Azərbaycana rəğbət bəslədiyini demək olmaz. İranın Azərbaycandakı səfiri, ardınca Prezident M.Pezeşkian və İran XİN-in sözçüsü "Azərbaycanın İrana hücumla bağlı heç bir əlaqəsi olmadığını" qəti bəyan etdilər. Ancaq İranın Ermənistandakı səfiri fərqli fikir səsləndirmişdi. Bəzən ekspertlər deyirlər ki, Ermənistandakı səfir İranın yox, Rusiyanın səfiri kimi çıxış edir. Lakin istənilən halda biz görürük ki, Pezeşkian tərəfindən və Azərbaycanla münasibətlərə fərqli baxışı olan dairələr tərəfindən irəli sürülən fikirlər davamlı olaraq təkzib olunur. Ənənəvi olaraq ruhani dairələr və mühafizəkar, o cümlədən SEPAH-a yaxın ekspertlərin mətbuatda ikitərəfli münasibətlərin normallaşmasına qarşı fikirlərinə rast gəlinir. Həmçinin, indiki və keçmiş diplomatların səhnəyə çıxarılmasını görürük ki, onların başında da Ermənistandakı səfir M.Sübhani gəlir. Əslində, onun çıxışları Ermənistanın xarici siyasət prioritetlərinin tam əksidir". 
Z.İbrahimli əlavə edib ki, İranda hakimiyyət piramidası çox mürəkkəbdir:
 "Lakin açıq görünür ki, İrana hücumlardan sonra İran prezidenti camaat arasında xeyli dərəcədə subyektlik qazanıb və ön plana çıxıb. Bu baxımdan İran prezidentinin açıqlamalarını sadəcə onun şəxsi mövqeyi kimi dəyərləndirmək olmaz. Pezeşkianın sözləri İranda dəyişən baxışları əks etdirir. Bu, sadəcə Zəngəzur dəhlizi ilə bağlı deyil, həm də ümumilikdə İranın xarici siyasəti və regional siyasəti ilə əlaqəlidir. İran prezidentinin Xankəndiyə səfəri həqiqətən əlamətdar idi. Həm də rəmzi, simvolik oldu. Onun jestləri, addımları göstərdi ki, proseslərə fərqli baxır".