İqtidar və müxalifət eyni qatarda: Bu cür birgə səfərlər həm də cəmiyyətə mühüm mesaj verir

Siyasi opponentlik düşmənçilik deyil, müxtəlif baxışların milli maraqlara xidmət çərçivəsində uzlaşdırılması mümkündür 
Azərbaycanın siyasi partiya rəhbərlərinin növbəti Qarabağ səfəri Ağdam şəhərinə olub. İyulun 10-da ölkədə fəaliyyət göstərən siyasi partiyaların sədrləri və nümayəndələrinin növbəti səfəri işğaldan azad edilmiş Ağdam şəhərinə təşkil olunub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan bu səfər, artıq ölkəmizdə möhkəmlənən siyasi dialoq mühitinin davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə Şuşa, Zəngilan, Xankəndi, Laçın, Cəbrayıl və digər azad olunmuş bölgələrə təşkil edilən analoji səfərlər fonunda Ağdama edilən bu səfər həm demokratik institutların inkişafına töhfə, həm də milli birliyin təzahürü kimi dəyərləndirilir. Səfər çərçivəsində iştirakçılar Ağdamda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə tanış olub, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirlər, yeni infrastruktur layihələri və iqtisadi təşəbbüslər barədə ətraflı məlumat alıblar. Dəmiryolu və avtovağzal kompleksləri, sənaye parkı, təhsil və mədəniyyət obyektləri ilə tanışlıq siyasi partiya nümayəndələrinə post-münaqişə dövrünün inkişaf dinamikasını yerində izləmək imkanı yaradıb. Bu cür birgə səfərlər siyasi baxış fərqlərindən asılı olmayaraq, ümummilli maraqlar ətrafında həmrəylik nümayiş etdirməklə yanaşı, cəmiyyətdə qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın təşviqinə xidmət edir. Azərbaycanın siyasi sistemində formalaşmaqda olan bu yeni yanaşma – dialoq və əməkdaşlıq modeli – dövlətin ali siyasi iradəsinə əsaslanaraq ölkənin sabitliyinə və dayanıqlı inkişafına ciddi töhfə verir.
Ağdamda həyata keçirilən yenidənqurma və bərpa proseslərinin miqyası səfər iştirakçılarında dərin təəssürat doğurub. Səfərdə iştirak edən Azad Vətən Partiyasının sədri Akif Nağı da Sherg.az-a açıqlamasında qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə təşkil olunan bu səfər, artıq ənənə halını almış siyasi dialoq və milli birliyin möhkəmləndirilməsi missiyasına xidmət edir:
 “Bu cür təşəbbüslər həm təşkilati baxımdan, həm də mesaj baxımından yüksək qiymətləndirilməlidir: “İşə necə başlayırsan, o cür də davam edir” prinsipi dövlət-siyasi münasibətlərdə yeni səhifə açır. Ağdam səfərinin dəmiryolu ilə təşkili də diqqətəlayiq məqamdır. Qatarla səyahət təkcə rahatlıq deyil, həm də qarşılıqlı fikir mübadiləsi üçün səmərəli mühit yaratdı. Avtobus səfərləri ilə müqayisədə, qatarda aparılan müzakirələr iştirakçılar üçün canlı və interaktiv platformaya çevrilmişdi. Bu isə yalnız səfərin texniki tərəfi deyil, həm də simvolik mənası baxımından önəmlidir. İnkişaf və sivil birgəyaşayış ideyalarının daşıyıcısı olan dəmiryolları, indi həm də siyasi dialoqun yollarını birləşdirir”.
A.Nağı ilk dəfə Ağdama 2021-ci ilin martında getdiyini xatırladaraq, şəhərin ovaxtkı vəziyyətini “dağıntılar içində olan, daş üstə daş qalmayan bir yer” kimi təsvir edir. Onun sözlərinə görə, ermənilərin oradakı vandalizmi və məqsədli dağıdıcılığı təkcə fiziki məhv deyil, eyni zamanda milli yaddaşa edilən hücum kimi qiymətləndirilməlidir:
 “Ağdamdan əsər qalmamışdı. Biz həm torpaqlarımızın işğaldan azad olunmasına sevinirdik, həm də dağıntılara baxıb heyifsilənirdik.  Dağıntınının miqdarı o qədər böyük idi ki, Ağdamın yenidən dirçəldilməsi, şəhərə çevrilməsi mümkünsüz görünürdü. Hər yer xarabalığa çevrilmişdi, sözün həqiqi mənasında daş üstündə daş qalmamışdı. Ermənilər sanki Azərbaycanın intiqamını Ağdamdan almışdılar. 
30 il ərzində dünyada “Qafqazın Xirosiması” kimi, "Ruhlar şəhəri" kimi tanınan Ağdam bu gün bizi yandırılıb dağıdılan, talan edilən ölü şəhər kimi yox, yenidən doğulan, sürətlə dirçələn bir məkan kimi qarşıladı. Ötən 4 ildə isə Ağdamda çox böyük işlər görülüb. Ağdam həqiqətən də sürətlə dəyişib, Simurq quşu kimi  müharibənin küllərindən dirçəlib. Ağdam Muğam Mərkəzində, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində, Ağdam Konqres Mərkəzində və "Ağdam City" Hotel mehmanxanasında olduq, İmarət Kompleksini və Cümə Məscidini ziyarət etdik. Hər yerdə sürətli bərpa-quruculuq işlərinin ürəkaçan nəticələri ilə qarşılaşırıq. Ağdamda belə qısa müddət ərzində görülmüş işlərin timsalında əminliklə deyə bilərik ki, Azərbaycan qalib dövlət olduğu kimi, həm də qurucu dövlətdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir”. 
Partiya sədrinin fikrincə, dəmiryolu vağzalı ilə avtovağzalın eyni ərazidə kompleks şəkildə bərpa edilməsi kifayət qədər yaxşı ideyadır:
 “Dəmiryolu vağzalı ilə avtovağzalın eyni ərazidə kompleks şəkildə bərpa edilməsi isə müasir şəhərsalma və regional inkişaf baxımından olduqca mühüm və strateji addımdır. Bu yanaşma təkcə nəqliyyat infrastrukturunun bərpası deyil, həm də Ağdamın gələcək inkişaf konsepsiyasının əsas elementlərindən biri kimi qiymətləndirilə bilər. Belə bir inteqrasiya,  yəni dəmir yolu və avtomobil nəqliyyatının bir nöqtədə cəmlənməsi logistikanın səmərəliliyini artırmaqla yanaşı, həm də əhalinin rahatlığını təmin edir. Bu, xüsusilə gələcəkdə Ağdama qayıdacaq köçkünlər üçün mühüm əhəmiyyət daşıyır. Onların şəhərə çıxış imkanlarının asanlaşdırılması, müxtəlif bölgələrlə əlaqələrin optimallaşdırılması və hərəkətliliyin artırılması baxımından bu cür vahid nəqliyyat mərkəzləri çox önəmlidir.
Digər tərəfdən, bu kompleksin yaradılması Ağdamın iqtisadi, sosial və turistik potensialının reallaşdırılması üçün də əlverişli şərait yaradır. Nəqliyyat axınlarının bir məkanda cəmlənməsi şəhərin kommersiya həyatını canlandıra, ticarət və xidmət sektoruna müsbət təsir göstərə bilər. Həm də şəhərin inkişaf planına uyğun olaraq, bu cür mərkəzləşmiş nəqliyyat infrastrukturu ekoloji və texniki baxımdan daha dayanıqlı şəhər modeli formalaşdırır. Eyni zamanda bu addım Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırdığı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına uyğunluq nümayiş etdirir. Vahid koordinasiyada fəaliyyət göstərən nəqliyyat mərkəzləri müasir urbanizmin tələblərinə cavab verir, informasiya texnologiyalarının tətbiqinə geniş imkanlar yaradır və ümumilikdə xidmət keyfiyyətini artırır. Bir sözlə, Ağdamda dəmiryolu vağzalı ilə avtovağzalın birgə və kompleks şəkildə bərpası təkcə funksional yox, həm də strateji baxımdan uğurlu qərardır. Bu yanaşma şəhərin gələcəyinin necə planlı, mərhələli və uzaqgörən şəkildə qurulduğunu nümayiş etdirir”.
Nağı həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə təşkil olunan birgə səfərlər də iqtidar-müxalifət dialoqunun mühüm tərkib hissəsidir:
 “Azərbaycan cəmiyyətində müxtəlif siyasi spektrin nümayəndələrinin eyni məqsəd uğrunda bir araya gəlməsi vətənpərvərlik, həmrəylik və yenidənqurma ruhunu paylaşması müasir dövlət idarəçiliyində çox mühüm bir yenilikdir. Siyasi fərqliliklərin üstündə dayanmadan ümummilli maraqlar ətrafında birləşmək, xüsusilə Qarabağ kimi strateji və mənəvi əhəmiyyət daşıyan bölgələrdə, yeni inkişaf fəlsəfəsinin əsasını təşkil edir. Bu cür birgə səfərlər həm də cəmiyyətə mühüm mesaj verir ki, siyasi opponentlik düşmənçilik deyil, müxtəlif baxışların milli maraqlara xidmət çərçivəsində uzlaşdırılması mümkündür. Bu, xüsusilə müharibədən sonra bərpa, reinteqrasiya və böyük qayıdış kimi genişmiqyaslı proseslərin həyata keçirildiyi bir vaxtda daha da aktuallaşır. Çünki bu məsələlər partiyalardan və mövqelərdən asılı olmayaraq ümummilli məsələlərdir və onlara yanaşma da birgə olmalıdır. Digər tərəfdən, bu səfərlər Azərbaycan siyasi sistemində şəffaflığın, açıq dialoqun və qarşılıqlı anlaşmanın təşviq edildiyini, iqtidarın müxalifətlə rəqib yox, həm də tərəfdaş kimi əməkdaşlığa hazır olduğunu göstərir. Bu yanaşma həm ölkə daxilində siyasi sabitliyi möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın demokratik institutlara sadiqliyini göstərir”.