Cənubi Qafqazın taleyi yayda həll olunur: Ermənistan qərar verməsə... - ŞƏRH

“Arab News” üçün yazdığı məqalədə Lyuk Koffin qeyd edib ki, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi üzrə razılaşma imzalayıblar. Saziş çərçivəsində paraflanan sənədin ratifikasiyasının təxminən 12 ay çəkəcəyi gözlənilsə də, yarısı keçməsinə baxmayaraq nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur. Ekspertin sözlərinə görə, sülh prosesinin gələcəyi Ermənistan Baş naziri Nikol Paşinyan və komandasının siyasi stabilliyi, Konstitusiya dəyişiklikləri, Zəngəzur dəhlizinin tikintisi və Rusiya-İran faktorlarından asılıdır. Hazırkı mərhələdə gecikmələr sülh razılaşmasının etibarlılığına risk yaradır, amma 2026-cı ilin tərəflər arasında sülhün təmin olunacağı il olması mümkündür. 

Qeyd edilib ki, bir başqa məsələ Rusiya və İranla bağlıdır. Həm Moskva, həm də Tehran Vaşinqtonun sülh prosesində vasitəçilik rolunu qəbul etmir: “Rusiya ABŞ-nin dəstəyi olan istənilən məsələyə ehtiyatla yanaşır, hətta bu, özəl sektor tərəfindən həyata keçirilirsə belə. Çünki hazırda Ermənistan-İran sərhədini Rusiya nəzarətdə saxlayır. Tehran isə həmin 42 kilometrlik keçidi şimal istiqamətinə aparan əsas ticarət yolu kimi istifadə edir. Beləliklə, ABŞ tərəfindən dəstəklənən tranzit keçidi həm İran, həm də Rusiyanın maraqlarına zidd ola bilər. Həm Moskva, həm də Tehran üçün status-kvonun saxlanması sərfəlidir”.

Müəllifə görə, bu çağırışlara baxmayaraq, 2026-cı il Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağı il ola bilər.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, Lyuk Koffinin təhlili 8 avqust 2025-ci il tarixində Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra Cənubi Qafqazda yaranmış mürəkkəb mənzərəni dəqiqliklə əks etdirir. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibə və antiterror tədbirləri ilə formalaşdırdığı yeni reallıq artıq qlobal səviyyədə sülhün və logistikanın əsas oxu kimi qəbul olunur:

“Lakin ratifikasiya prosesindəki ləngimələr və Ermənistan tərəfində müşahidə olunan süni əngəllər göstərir ki, İrəvan hələ də öz daxili siyasi böhranı və kənar güclərin təzyiqləri arasında seçim etməkdə çətinlik çəkir. Analitik nöqteyi-nəzərdən, Azərbaycan bu prosesdə öz üzərinə düşən bütün texnoloji və siyasi öhdəlikləri yerinə yetirmiş, Zəngəzur dəhlizinin öz hissəsindəki tikinti işlərini sürətlə tamamlamış mühüm və önəmli bir gücdür. Ermənistanın isə öz konstitusional hüquqi bazasını beynəlxalq sülh standartlarına uyğunlaşdırmaq əvəzinə vaxt qazanmağa çalışması, regionun iqtisadi sıçrayışını ləngidən əsas mənfi faktordur”.

T. İsmayılov qeyd edib ki, bu prosesin 2026-cı ilin yay aylarına qədər yekunlaşması ehtimalı tamamilə Ermənistanın öz suverenliyini nə dərəcədə qoruya biləcəyindən asılıdır:

“Koffinin də qeyd etdiyi kimi, İran və Rusiyanın Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan sülhə soyuq yanaşması regional gərginliyi artırır. Lakin burada Azərbaycanın ən böyük strateji üstünlüyü Türkiyə ilə olan sarsılmaz qardaşlığı və müttəfiqliyidir. Bakı və Ankara arasındakı "bir millət, iki dövlət" prinsipi üzərində qurulan bu vəhdət, regionda kənar iradələrin sülh prosesini manipulyasiya etmək imkanlarını tamamilə neytrallaşdırır. Türkiyə ilə hərbi-siyasi inteqrasiyamız regionda hər hansı bir güc boşluğuna yer qoymayan möhkəm bir təhlükəsizlik qalxanı yaradır. Azərbaycanın Zəngəzur dəhlizi məsələsindəki qətiyyəti sadəcə bir nəqliyyat yolu deyil, həm də Türk dünyasının bütövlüyünü və qlobal ticarət yollarının təhlükəsizliyini sarsılmaz edən strateji bir duruşdur. Azərbaycan dövlətinin xarici siyasəti artıq heç bir kənar təzyiqdən asılı olmayan, öz milli maraqlarını hər şeydən üstün tutan dominant bir iradədir. Əgər Ermənistan yay aylarına qədər real addımlar atmasa, Azərbaycan öz strateji imkanlarından istifadə edərək regional kommunikasiyaların alternativ və daha effektiv yollarla təmin olunmasını həyata keçirəcəkdir. Vaşinqtonun prosesdəki iştirakı Bakı üçün bərabərhüquqlu tərəfdaşlıq formatıdır və Azərbaycan bu amili öz suveren hüquqlarını qorumaq üçün məharətlə idarə edir. Yay aylarında sülh sazişinin tam ratifikasiya edilməsi və dəhliz layihəsinin praktiki icrasına başlanılması üçün bütün diplomatik zəmin hazırdır. Bu mərhələdə Bakı qardaş Türkiyə ilə birlikdə regionun gələcək memarlığını möhkəmləndirməkdə davam edir”.