"Etirazlar səngimir, səbəb təkcə iqtisadiyyat deyil, İran dərin böhran içindədir. Reallığı qəbul etməyən Tehran xalqı itirir"
İranda 15 gündür davam edən etiraz aksiyalarında bu gün gərginliyi daha da artıracaq yeni bir hadisə baş verib. Rejimi dəstəkləyən on minlərlə insanın küçələrə çıxaraq hökumət lehinə şüarlar səsləndirməsi ölkədəki siyasi və sosial qarşıdurmanı açıq müstəviyə daşıyıb. Hakimiyyət əleyhdarları ilə hökumət tərəfdarlarının birbaşa üz-üzə gəlmə ehtimalı isə İran cəmiyyətini təhlükəli bir qütbləşmənin astanasına gətirib. İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin məlumatına görə, son iki həftə ərzində ölkə üzrə keçirilən aksiyalar zamanı azı 538 nəfər həyatını itirib. Ölənlərdən 490-ı etirazçı, 48-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Rəsmi Tehran isə təhlükəsizlik qüvvələrinin çoxsaylı itkiləri ilə əlaqədar ölkə üzrə üç günlük milli matəm elan edib. Hakimiyyət dairələrinin qənaətinə görə, xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan, dağıdıcı bir hərəkat, etirazlardan sui-istifadə edərək, insanları öldürmək və yandırmaq kimi zorakılıq aktları törədir. Bununla paralel olaraq Prezident Məsud Pezeşkian xalqa müraciətində iğtişaşların ABŞ və İsrail tərəfindən təşkil edildiyini iddia edib. Beynəlxalq müstəvidə isə ritorika daha da sərtləşir. Yanvarın 10-da ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında, etirazçılara kömək etməyə hazır olduğunu bildirib. Bu açıqlama regionda onsuz da həssas olan balansı daha da kövrəldib. “Məlumatlı mənbələr”ə istinadən “Iran International”ın yaydığı xəbərlərə görə isə, ABŞ yaxın həftələrdə İrana hücum planı üzrə müzakirələr aparır. Tehranın bu iddialara cavabı da gecikməyib. İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlara açıq olduqlarını bəyan etsə də, zərurət yaranacağı təqdirdə ölkənin müharibəyə tam hazırlıqlı olduğunu da xüsusi vurğulayıb.
Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a açıqlamasında bildirib ki, İranın hakimiyyət strukturlarında mafiya sistemi formalaşıb:
“İranda təxminən hər 2-3 ildən bir bu tip etiraz dalğaları yaşanır və bir müddət sonra səngiyir. Dekabrın 28-dən başlayan etirazlar da zamanla sakitləşəcək. Çünki illərdir həllini tapmayan problemlər səbəbindən zahirən səngimiş kimi görünən iğtişaşlar müəyyən vaxtdan sonra yenidən alovlanır. Problemlər təkcə iqtisadi zəifliklə bağlı deyil, siyasi, mədəni və korrupsiya ilə əlaqəli ciddi çatışmazlıqlar mövcuddur. Məhz bu səbəbdən etirazlar səngimir. Dövlət etiraz edən xalqın problemlərini dinləməli və bundan nəticə çıxarmalıdır. İranın hakimiyyət strukturlarında mafiya sistemi formalaşıb. Pezeşkianın özü də zamanında bildirmişdi ki, mafiyanın qarşısında dayanaraq, xalqın hüquqlarının talan edilməsinə verməyəcək”.
Sabiq səfir qeyd edib ki, Rəsmi Tehran demokratik baxımdan, xalqın tələblərini dinləməli və onların təhlükəsizliyini vaxtında təmin etməlidir:
“İran prezidenti Məsud Pezeşkian etirazların baş verdiyi bölgələrə getməli, və xalqın dərdləri ilə maraqlanmalıdır. Demokratik baxımdan dövlət xalqın tələblərini dinləməli və onların təhlükəsizliyini vaxtında təmin etməlidir ki, sonradan “xarici casuslar ölkəyə daxil olub insanları öldürdü” kimi arqumentlər irəli sürülməsin. Lakin rəsmi Tehran bu addımı atmadı. Bu, hakimiyyət üçün ciddi nöqsandır. Məsələn, xarici ölkələrdə bu cür hadisələr baş verdikdə, nümayişlərin keçiriləcəyi yerlər dövlət tərəfindən əvvəlcədən koordinasiya olunur və təhlükəsizlik təmin edilir. Bu səbəbdən vəziyyət İrandakı kimi pik həddə çatmır”.
Ə. Süleymani bildirib ki, İranda yaranmış mövcud vəziyyət cəmiyyəti elə bir həddə çatdırıb ki, insanlar yenidən şahlıq dövrünə möhtac qalıblar:
“İran hakimiyyətinin əsas problemi reallığı qəbul etməməsidir. Rejim reallığı dərk etsə, problemlərin həll yollarını tapa bilər. Texnologiyanın inkişaf etdiyi bir dövrdə xalqın hakimiyyətin yalanlarına inanması mümkün deyil. Vəziyyət arıq o həddə çatıb ki, Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi iğtişaşlardan istifadə edərək yenidən hakimiyyəti ələ keçirmək niyyətinə düşüb. “Əgər şah rejimi yaxşı idisə, niyə devrildi? İndi isə görün vəziyyət nə hala düşüb ki, cəmiyyət şahlıq dövrünə möhtac qalır. Bütün bunlar, İran İslam Respublikasının zəifliyinin göstəricidir”.
Sabiq səfir, Güney Azərbaycanlılarının İranda baş verən etiraz aksiyalarında kütləvi şəkildə iştirak etməmələrinin əsas səbəblərinə aydınlıq gətirib:
“Tarixi faktlara baxsaq görərik ki, şahlıq dövründə də Güney azərbaycanlıların mədəni hüquqları təmin olunmayıb. İran İslam Respublikası qurulduqdan sonra da konstitusiya çərçivəsində bu hüquqlar bərpa edilməyib. Halbuki İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, ölkədə yaşayan azərbaycanlıların və kürdlərin dilləri məktəblərdə tədris olunmalıdır. Lakin bu maddə heç vaxt icra edilməyib. Azərbaycan dili və mədəni hüquqlarının qorunması hələ də tam həll olunmasa da, şahlıq dövrü ilə müqayisədə indiki vəziyyətin nisbətən daha normal olduğunu deyə bilərəm. Güney azərbaycanlıların etirazlara geniş şəkildə qoşulmamasının səbəbi isə bəllidir. Hərəkatın daha pis nəticələrə gəlib çıxacağı təqdirdə, vəziyyətinin daha da ağırlaşacağından ehtiyat etmələridir”.
ABŞ-nin mümkün hücumları məsələsinə də toxunan Ə. Süleymani vurğulayıb ki, İsrail ABŞ-nin razılığı olmadan, İrana qarşı hərbi əməliyyatlara əl atmaz:
“İsrail 12 günlük müharibə dövründə olduğu kimi Vaşinqtonun razılığı olmadan İrana hücum etməz. Yayılan məlumatlara görə, ABŞ Venesuelanın təhlükəsizlik sistemindən istifadə edərək İrana qarşı yalnız kiberhücumlar təşkil edə bilər. Hazırkı mərhələdə isə ABŞ və İsrailin İrana birbaşa hərbi hücumu gözlənilən deyil. Son məlumatlara əsasən görə, Tramp İranla danışıqlar masasına oturmaq niyyətindədir. ABŞ-nin hərbi büdcəsi təxminən 1 trilyon dollar olduğu halda, İranın hərbi büdcəsi cəmi 40 milyard dollar civarındadır. Bu reallıq fonunda İranın ABŞ-lə açıq müharibə aparmaq imkanına malik olmadığını anlaması vacibdir. Buna paralel olaraq, danışıqlarda tərəflər ortaq məxrəcə gəlməlidir”.
Aybəniz Səfərova