Aydın Sezer: İmamoğlu hər üç ittiham üzrə bəraət qazansaydı belə, azadlığa buraxılmayacaqdı

İstanbul Böyük şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 
Bu barədə APA məlumat yayıb. Məhkəmə Əkrəm İmamoğluna “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”dan bəraət versə də, “vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu” maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
İmamoğlunun 1 il 8 ay müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı türkiyəli xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a açıqlama verib:
"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu hazırda çoxsaylı cinayətlərə görə mühakimə olunur. Əsas iş üzrə ittiham aktı hələ də hazırlanmayıb. Bu gün keçirilən məhkəmənin nəticəsinə görə o, hədələmə, təhqir etmə cinayətlərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təbii ki, bu qərarlara etiraz olaraq İmamoğlunun vəkilləri apellyasiya məhkəməsinə müraciət edəcəklər. Burada siyasi qadağalarla bağlı heç bir qərarın qəbul edilməməsi önəmlidir. Bunlar onsuz da böyük əhəmiyyət kəsb edən hallar deyildi.
Türkiyəli siyasətçi bu məhkəmə proseslərinin, əsasən korrupsiya iddiaları olmaqla, Əkrəm İmamoğluna qarşı yönəldilmiş və onun qarşıdan gələn seçkilərdə namizəd olmasının qarşısını almağa hesablanmış işlər olduğunu söyləyib:
"Bu, onun imicinə zərər vurmaq məqsədi daşıyır. Yəni ictimai rəy qarşısında İmamoğlunun davamlı olaraq məhkəmə işləri və cəzalarla gündəmdə saxlanılması yolu ilə mənfi bir ictimai rəy formalaşdırılması hədəflənir. Bunlar sözün əsl mənasında insanların şüuraltına yeridilir. İmamoğlu hər üç ittiham üzrə bəraət qazansaydı belə, təəssüf ki, azadlığa buraxılmayacaqdı. Çünki onun həbsini tələb edən əsl böyük məsələ başqadır".