Zaur Şükürov: “Azərbaycan regionun əsas açar ölkəsinə çevrilib”

Cənubi Qafqazda son illərdə baş verən siyasi dəyişikliklər regionun gələcəyi üçün yeni imkanlar yaradıb. Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq istiqamətində atılan addımlar təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə beynəlxalq vasitəçilərin, xüsusilə də ABŞ-nin təşəbbüsü ilə keçirilən görüşlər yeni əməkdaşlıq yolları üçün zəmin yaradır. Vaşinqtonda baş tutan son görüş də bölgədə uzunmüddətli sülhün bərqərar olması istiqamətində əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.
Milli məclisin deputatı Zaur Şükürov Azərbaycanın beynəlxalq arenadakı rolu, prezident İlham Əliyevin apardığı siyasət, Vaşinqton görüşündən sonra dövlətlər arasında formalaşan yeni ideologiya haqqında Sherg.az-a açıqlama verib:
"Azərbaycanın əlverişli coğrafi mövqeyi və Orta dəhliz üzərində yerləşməsi, eləcə də Prezident İlham Əliyevin misilsiz sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqların işğaldan azad olunması nəticəsində regionda yeni geosiyasi reallıq formalaşıb. Münaqişənin bitməsindən dərhal sonra irəli sürülən sülh gündəliyi fonunda Vaşinqton görüşünün regionun gələcək inkişafında yeni bir mərhələnin başlanmasına mühüm töhfə verəcəyini əminliklə söyləmək olar. Xüsusilə də, bu səfər Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın təmin edilməsi istiqamətində atılan vacib və əhəmiyyətli addımlardan biri olaraq qiymətləndirilməlidir.
Səfər çərçivəsində Azərbaycan-Ermənistan normallaşdırma prosesində mühüm mərhələlərdən olan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması və Minsk prosesi, habelə əlaqəli strukturların ləğv olunması məqsədilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Baş katibinə məktub ünvanlanması mühüm addımdır. Eyni zamanda Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edilməsini nəzərdə tutan müddəanın üç ölkə liderlərinin imzaladığı Birgə bəyyannamənin 3-cü maddəsində yer alması regionun gələcək inikişafı üçün əlverişli imkanlar açır. Bu xüsusda, bir çox ölkələrin, həmçinin beynəlxalq təşkilatların Vaşinqton razılaşmasını təqdir etməsi və alqışlaması fonunda, Rusiya və İranın açıqlamalarında yer almış müəyyən narahatlıqlar təəssüf doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-nin “Fox News” telekanalına müsahibəsində də qeyd etdiyi kimi, “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar”".
Millət vəkili gələcəkdə Zəngəzur dəhlizi (TRİPP) ilə yanaşı, regiondakı digər nəqliyyat əlaqələrinin açılmasının Şərq-Qərb marşurutu üzrə yükdaşımaların həcmini artırmağa imkan verəcəyini söyləyib: 
"Prosesdə ABŞ-nin bilavasitə iştirak etməsi bölgəyə beynəlxalq şirkətlərin investisiya qoymasına inamı artıra, həmçinin son nəticədə təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər.
Heç şübhəsiz, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin regionda yeni geosiyasi reallıqlar yaratması, beynəlxalq təşkilatlarda üzvlüyü və sədrliyi zamanı beynəlxalq hüquqa və ədalətə söykənən fəaliyyəti ilə dünya miqyasında nüfuzlu bir dövlətə, etibarlı tərəfdaşa çevrilməsinin, enerji və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq, bütün bu proseslərdə əsas açar ölkə Azərbaycan olacaq. Azərbaycan və ABŞ liderləri arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan Azərbaycana siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu və regional təhlükəsizlik arxitekturasında rolunu daha da artıracaq.
Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar, Birgə bəyyannamənin 6-cı maddəsində də qeyd edildiyi kimi, regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyini deməyə əsas verir.
Beynəlxalq ictimaiyyət, həmçinin region dövlətləri Cənubi Qafqazın sülh şəraitində inkişafında maraqlıdırlarsa, bu prosesə mane olmamalı, əksinə dəstəyini nümayiş etdirməlidir".