Zurabişvili etimadı doğrulda bilmir

Gürcüstanda baş verən hadisələr prezident seçkiləri marafonunun davamıdır


Keçən həftə Gürcüstan parlamentində baş verən olaydan sonra ölkədə yaranmış kütləvi etiraz aksiyaları şənbə-bazar günləri də davam edib. Yüzlərlə insan yenidən parlamentin qarşısına toplaşıb. Aksiya təşkilatçıları təkcə daxili işlər naziri Georgi Qaxariyanın deyil, hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb ediblər. 

Gürcüstan hökuməti etirazçıların tələblərindən birini qəbul edib. Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib ki, 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib. Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib. Gürcüstanın müxalif "Avropalı Gürcüstan” Partiyası hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib. Partiya liderlərdindən biri Elene Xoştaria qərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb. 

O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: "Əsas tələb Giorgi Qaxarianın istefasıdır. Lakin hakim partiya bu tələbi diqqətdən kənarda saxladı. Hakim komanda iyunun 20-də etiraz aksiyasının dağıdılması zamanı baş verən qanlı olaylarda məsuliyyəti daxili işlər nazirində görmür. Bu yanaşma hakim partiya liderləri üçün utancvericidir”.

Qonşu ölkədəki proseslərlə bağlı "Şərq”ə açıqlama verən politoloq Vasif Əfəndiyev deyib ki, Gürcüstanda baş verən hadisələr prezident seçkiləri marafonunun davamıdır: 

"Seçkilərdə Rusiya və qismən Fransanın dəstəyi ilə qalib gələn Salome Zurabişvili ona göstərilən etimadı doğrulda bilmir. Bidzina İvanişvilinin Salomedən tələbi açıq və radikal şəkildə Rusiya meyilli siyasət sərgiləməyidir. 

Lakin bütün həyatı Avropa ilə bağlı olan xanım Salome gürcü xalqının əleyhinə olan addımları atmaqda könülsüz davranır. Moskva hələ də "kim güclüdür, o da haqlıdır” prinsipi ilə davranır. Rusiya Dumasının üzvlərinin Gürcüstan parlamentində sayğısız davranması və bunun nəticəsində ölkədən qovulması münasibətləri bir qədər də tarıma çəkib”.

Analitik bildirib ki, demokratiyanın dadını görmüş gürcü xalqı hadisədən yararlanaraq siyasi tələblərini irəli sürdü və 2020-ci ildə keçiriləcək parlament seçkilərinin "sıfır baryer” həddi ilə keçirilməsinə nail oldu: 

"Bu, o deməkdir ki, seçkilərdə iştirak edən bütün partiyalardan parlamentdə nümayəndə olacaq. Bu da öz növbəsində bir partiyanın mütləq üstünlüyünün olmasının qarşısını alacaq. Müxalifətin bu tələbinin qəbul olunması demokratiyaya keçid dövründə çox əhəmiyyətlidir”.