ABŞ geri addım atarsa, Rusiya qalib gələcək - Politoloq

İlqar Vəlizadə: Kremlə strateji üstünlük verməmək üçün Vaşinqton oyuna qayıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ administrasiyasının diqqətinin Yaxın Şərqdəki proseslərə yönəlməsinin Ukrayna məsələsinə marağın azalmasına səbəb olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə Ukraynadakı münaqişədə eskalasiya riskinin artdığını açıqlayıb və Vaşinqtonun Kiyevə yeni hərbi yardım paketi hazırladığını bildirib. ABŞ administrasiyasının Ukraynaya 400 milyon dollarlıq əlavə yardım ayırmağa hazırlaşması Vaşinqtonun müharibə ilə bağlı siyasətinin yenidən müzakirə olunmasına səbəb olub.

Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, ABŞ-nin əsas məqsədi Ukrayna müharibəsinin Rusiyanın diktə etdiyi şərtlərlə başa çatmasına imkan verməməkdir. Onun sözlərinə görə, vaxtilə Vaşinqtonda Ukraynaya hərbi və maliyyə yardımının dayandırılması, Kiyevin problemi təkbaşına həll etməsi ilə bağlı yanaşmalar səslənsə də, hazırkı vəziyyət ABŞ-ni yenidən daha aktiv mövqe tutmağa vadar edir:

“Hazırda ABŞ administrasiyası anlayır ki, Ukrayna məsələsindən tam geri çəkilmək Rusiyanın strateji üstünlük qazanmasına şərait yarada bilər. Bu isə yalnız Ukrayna ilə məhdudlaşmır, bütövlükdə Avropadakı təhlükəsizlik balansına və Qərbin geosiyasi mövqelərinə təsir göstərir. Müharibənin Rusiyanın üstünlüyü ilə nəticələnməsi ABŞ və Qərbin maraqları üçün ciddi geosiyasi itki hesab olunur. Vaşinqton yaxşı anlayır ki, Ukraynanın hərbi baxımdan zəifləməsi və Moskvanın şərtlərini qəbul etməyə məcbur qalması Rusiyanın postsovet məkanında və Şərqi Avropada təsir imkanlarını daha da genişləndirəcək.

Digər tərəfdən, ABŞ hazırda diqqətinin mühüm hissəsini İran və Yaxın Şərqdəki proseslərə yönəldib. Regionda artan gərginlik Vaşinqtonu paralel şəkildə bir neçə böhranı idarə etməyə məcbur edir. Buna baxmayaraq, Ukraynaya hərbi yardımın davam etdirilməsi göstərir ki, ABŞ Kiyevi tamamilə diqqətdən kənarda qoymaq niyyətində deyil. Əksinə, məqsəd Ukraynanın müqavimət imkanlarını qorumaq, Rusiyanın sürətli hərbi və siyasi üstünlük əldə etməsinin qarşısını almaqdır.

ABŞ hesab edir ki, Ukrayna cəbhəsində balansın qorunması gələcək danışıqlar prosesində də mühüm əhəmiyyət daşıyır. Yəni Vaşinqton istəyir ki, mümkün siyasi həll variantları Rusiyanın tam diktəsi ilə formalaşmasın. Bu səbəbdən Kiyevin döyüş qabiliyyətinin saxlanılması ABŞ üçün prioritet olaraq qalır”.