Türkiyənin dəstəyi Suriyanın yeni hökumətini beynəlxalq izolyasiyadan çıxardı
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə işgüzar səfər ediblər. Rəsmilər Suriya prezidenti Əhməd Əl Şaraa və digər şəxslərlə görüşəcəklər. Görüş zamanı Türkiyə-Suriya münasibətlərinin son bir ildəki gedişatının hərtərəfli qiymətləndirilməsi və 10 mart sazişinin irəliləyişinin müzakirəsi gözlənilir. Həmçinin İsrail hücumu səbəbindən Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin həll edilməsi və İŞİD məsələsi də müzakirə edilə bilər. Bundan əlavə, Suriyanın yenidən qurulması üçün ikitərəfli layihələrin müzakirə olunacağı və Suriya hökumətinin potensialın artırılması səylərinə dəstək səylərinin qiymətləndiriləcəyi gözlənilir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Türkiyənin xarici işlər və müdafiə nazirlərinin, o cümlədən kəşfiyyat rəhbərinin Suriyaya səfəri orada baş verən proseslərlə bağlıdır. Ekspert vurğulayıb ki, Suriyada daxili siyasi sabitliyə, ordu quruculuğuna Türkiyənin verəcəyi dəstək çox önəmlidir:
"Səfər çərçivəsində məhz bunlar müzakirə olunur. Məlumdur ki, Əhməd Əl Şaraa hökuməti sırf Türkiyənin dəstəyi ilə beynəlxalq izolyasiyadan çıxıb. Türkiyə konkret olaraq Suriyanın yeni hökumətinin yanındadır. İsrailin Suriyaya qarşı hərbi təhdidləri davam etməkdədir. Xüsusən, Suriyanın cənubunda təhlükələr qalmaqdadır. Türkiyə də çalışır ki, Suriyada öz hərbi bazasını yaratsın və İsrailin hərbi təxribatlarının qarşısını alsın. Ümumən, Türkiyə rəsmilərinin Suriyaya səfərləri, görüş və müzakirələr Suriyanın inkişafı, dirçəlməsi, güclənməsi baxımından çox mühümdür".