Bakı birbaşa İrəvanla danışıqlar tələb edir
Ermənistan isə Azərbaycanın 5 şərtinə Minsk qrupu ilə qarşılıq verib
İndiki halda ATƏT Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında əsas rol oynayacaq səlahiyyətində deyil
Ermənistan tərəfi Azərbaycanın iki ölkə arasında sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipləri təklifinə cavab verib. Rəsmi İrəvan müzakirələrə hazır olduğunu bəyan edərək, Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrliyinə müraciət etdiyini açıqlayıb. Yəni İrəvan hökuməti rəsmi Bakının 5 şərtinə “ATƏT-in Minsk qrupu” ilə qarşılıq verib. Ermənistan tərəfi vurğulayıb ki, proses Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməlidir.
Son günlər Ermənistanın verdiyi açıqlamalar qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərirdi. Lakin Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır. Bu, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir. Lakin hər iki beynəlxalq sənəd beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki, Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan XİN başçısı Arorat Mirzoyan problemin həlli yollarının hələ tapılmadığını, bu formatda danışıqların davam etdirilməsinin vacib olduğunu deyib. Analitik xatırladıb ki, Mirzoyan həmsədrlərin "xalqların öz müqəddəratını təyinetmə hüququ” barədə mövqeyini də xatırladıb:
“Göründüyü kimi, rəsmi İrəvan Bakının iki dövlət arasında münasibətlərin normallaşması üçün təklif etdiyi konstruktiv beş baza prinsipinə həmişəki kimi ATƏT-in Minsk qrupu kartı ilə cavab verir. Lakin ATƏT-in Minsk qrupu hazırda nə iki ölkə arasında həllini gözləyən məsələləri həll etmək iqtidarında, nə də Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında əsas rol oynayacaq səlahiyyətdədir. Birincisi, Minsk qrupunun həmsədrlərinin Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində hər hansı bir təşəbbüs irəli sürmək mandatı yoxdur. Həmsədrlər keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idilər. Rəsmi Bakı isə açıqca qeyd edir ki, hazırda belə bir münaqişə yoxdur. Azərbaycan Ordusu məsələni özü həll edib. İkincisi, hazırda davam edən Ukrayna-Rusiya müharibəsi var. Müharibə fonunda həmsədr ölkələr əks tərəflərdə yer alıb. Rusiyaya qarşı Ukraynaya iqtisadi və silah dəstəyi verən, həmçinin sərt sanksiyalar tətbiq edən ABŞ və Fransanın Azərbaycan ilə Ermənistan arasında hansısa bir sülh müqaviləsinə dair razılığa gəlməsi qeyri-real və absurddur. Üçüncüsü, rəsmi Bakı indiki məqamda iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipini vasitəçi tərəf olmadan, birbaşa Ermənistana təklif edib. Yəni Azərbaycan Ermənistanla 3-cü bir tərəf vasitəsilə danışıqlara getmək istəsə idi, bunu bu və ya başqa formada təklif edərdi.
Nəticə etibarilə, indiki məqamda Ermənistanın təklif edilən 5 baza prinsipi üzrə danışıqlara başlamaqdan başqa seçimi yoxdur. Rəsmi İrəvan bundan yayınsa Bakı antiterror əməliyyatlarına başlaya bilər”.