Çavuşoğlu- Lavrov görüşünün pərdəarxası: Ankara ilə Moskva üz-üzə gələcək? - AKTUAL

Martın 15-i Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sergey Lavrovla telefon danışığı apardığını söyləyib:
“Sergey Lavrovla danışığım oldu, tezliklə yaxşı xəbərlər ola bilər”.
O qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir:
 “Rusiya ilə Ukrayna arasında davamlı sülhün, atəşkəsin təmin edilməsi üçün əlimizdən gələni etməyə davam edirik”.

Çavuşoğlu və Lavrov arasındakı pərdəarxası danışıqları "Sherg.az"a şərh edən  siyasi şərhçi Samir Hümbətov bildirib ki, görüşün görünməyən tərəfində sərt fikirlər səsləndirilir:

“Lavrovla Çavuşoğlu arasında aparılan danışıqların Ukrayna-Rusiya savaşının  dayanmasına təsir edəcəyi inandırıcı görünmür. Bu yalnız tərəflərin yenidən danışıqlara cəlb edilməsi məqsədi daşıyır. Türkiyə Rusiyanı buna məcbur edir. Çavuşoğlu Rusiyanın geri addım atmalı olduğunun vacibliyini Lavrova başa salmağa çalışır. Əgər Kreml bunu etməzsə, iki ölkə arasındakı münasibətlər qırılacaq. Çünki Türkiyə NATO üzvüdür və bu qurumun verdiyi qərarla razılaşmalıdır. Belə olan təqdirdə, Rusiya təklənəcək. Həmçinin Ukrayna ilə Türkiyə arasında 2020-ci il 16 oktyabr hərbi müttəfiqlik haqqında sənəd imzalanıb. Çavuşoğlu Lavrova bildirib ki, Türkiyənin Ukraynanı müdafiə etmək öhdəliyi var. Bu müttəfiqlik Ankara və Moskvanı üz-üzə gətirəcək. Türkiyə də müharibəni qazanmaq üçün əlindən gələni edəcək. Bu səbəbdən rəsmi Ankara təklif edir ki, danışıqlarda nəticəyə gəlmək lazımdır”.

Ekspert qeyd edib ki, Lavrov Türkiyənin vasitəsilə Rusiyanın səsini dünyaya çatdırmaq istəyir:

“Qərb ölkələri Rusiya prezidenti ilə müzakirə aparmaq istəmirlər. Düzdü, bəzən Makron Putinlə danışır. Lakin bu formal xarakter daşıyır. Danışıqlar yalnız Putin-Ərdoğan və Lavrov-Çavuşoğlu arasında aparılır. Rusiya mətbuatı beynəlxalq mediadan təcrid edildiyi üçün Rusiyanın mövqeyi dünyaya çatdırılmır. Buna görə, Rusiya Türkiyə vasitəsilə dünya ölkələri ilə əlaqə qurmağa çalışır. Məsələn, elə Lavrov Antalyada jurnalistlərin suallarını cavablandıraraq Rusiyanın səsini xaricə çatdırmaq istədi”.