“İran-Ermənistan təlimləri ABŞ və Türkiyəyə açıq mesajdır” - İsmail Cingöz

Ermənistanla hərbi təlim İran üçün regional səylərini ortaya çıxarma və izolasiya qarşısında addımdır

Cənubi Qafqaz yenidən böyük güclərin rəqabət meydanına çevrilməkdədir. Qlobal gərginliyin artdığı, xüsusilə İran ilə ABŞ arasında münasibətlərin kəskinləşdiyi bir mərhələdə Ermənistanla İran hərbi təlim keçirməyi planlaşdırır.

Məhz bu kontekstdə İran-Ermənistan hərbi yaxınlaşmasının arxa planı, məqsədləri və mümkün nəticələri diqqət çəkir.

Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a deyib ki, Ermənistan-İran hərbi təlimləri regional və beynəlxalq mesaj kimi qəbul edilməlidir: 

"Xüsusilə İranla ABŞ arasında gərginliyin artdığı bir dövrdə, bu iki ölkə arasında hərbi əməkdaşlıq çoxqatlı və geosiyasi mesaj daşıyır. İran, Ermənistan ilə hərbi əməkdaşlıq edərək ABŞ-yə dolayı yolla mesaj göndərir. İran, ABŞ ilə nüvə məsələsi və regional təsir sahələrində gərginlik yaşayır. O, sərhəd bölgələrində hərbi təlimlər keçirərək “tək deyiləm” mesajı verir. Tehran regional geosiyasi səylərinə qarşı “alternativ tərəfdaşlarım da var” mesajını çatdırmaq istəyir. Həmçinin o, Güney Qafqazda alternativ hərbi aktor olduğunu xatırlatmağa çalışır.

İran xüsusilə ABŞ-nin Ermənistan ilə müdafiə əlaqələrini artırması və Qərbin Güney Qafqazda daha aktiv olması fonunda, İrəvanla birbaşa hərbi koordinasiya quraraq balans yaratmağa çalışır. Eyni zamanda, Zəngəzur Koridoru vasitəsilə İran, Ermənistanın sadəcə qonşu olmadığını, Şimal-Cənub tranzit xəttinin strateji açarı olduğunu mesaj verir. Əgər Azərbaycan üzərindən Türkiyəyə bağlanan koridor modeli İranı kənarda qoyacaq şəkildə qurulsa, Tehran bunu özünə geosiyasi təhdid kimi görər".

Politoloq vurğulayıb ki, təlim İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhəd dəyişikliyinə qarşı qırmızı xətti olduğunu göstərmə məqsədi daşıyır:

"Hərbi təlimin Ermənistan üçün önəmi də unudulmamalıdır. Ermənistan, çoxistiqamətli təhlükəsizlik siyasəti ilə son illərdə kollektiv təhlükəsizlik müqaviləsi ilə arasında məsafə yaratmağa çalışıb. Rusiya ilə də təhlükəsizlik problemləri yaşayan Ermənistan, Qərblə əlaqələrini artıran siyasət aparırdı. Lakin eyni zamanda İran ilə hərbi əməkdaşlığı tarazlamaq, Ermənistanın tək deyil, çoxqütblü təhlükəsizlik memarlığı yaratmağa çalışdığını göstərir. İran-Ermənistan təlimi Türkiyə və Azərbaycana mesajdır.

İki ölkə bu təlim vasitəsilə Azərbaycana çaşdırıcı mesaj verir. Türkiyəyə dolayı strateji balans mesajı, Rusiyaya isə “alternativlərimiz var” mesajını çatdırmağa çalışır. Bununla yanaşı, İran-Ermənistan hərbi təlimini Rusiya və xüsusilə ABŞ yaxından izləyir. ABŞ rəsmi olaraq Ermənistanı İrandan uzaqlaşdırmaq siyasəti aparır".

Ekspert təlimin ABŞ-ni narahat edəcəyini bildirib:

"Ermənistana açıq təzyiq göstərilməsi ABŞ-nin Qafqazdakı nüfuzunu zəiflədə bilər. Regional güc və balans baxımından bu təlim üç səviyyədə qiymətləndirilə bilər: İranın daxili siyasəti, Ermənistanın təhlükəsizliyi və Güney Qafqazın əhəmiyyəti. Bu, İran-Ermənistan yaxınlaşmasıdır. 

Çünki İran və Ermənistan, qonşu ölkələrə və ABŞ-yə mesaj verir. Təlim yalnız sərhəd təhlükəsizliyi səviyyəsində qalarsa, simvolik mesaj olaraq qalacaq. Əgər ortaq müdafiə planı qurularsa, kəşfiyyat məlumatları paylaşılarsa və hərbi əməkdaşlıq daha da dərinləşərsə bu sadə təlim olmaqdan çıxacaq". 

Analitik qeyd edib ki, Ermənistanla hərbi təlim İran üçün regional səylərini ortaya çıxarma və izolasiya qarşısında addımdır:

"İrəvan üçün isə bu balans siyasətidir. Ermənistan Rusiya təsirindən çıxaraq Qərblə yaxınlaşmağa çalışır. Xüsusilə Paşinyan hökumətinin Qərb yönümlü siyasətlərini Rusiya reaksiya ilə qarşılayır. ABŞ üçün Qafqazda diqqət tələb edən inkişaf kimi yaxından izlənilir".