İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır

Azərbaycan ilə Özbəkistanın yaxınlaşması Xəzərin iki sahilini bir-birinə bağlayarkən, eyni zamanda Türk dünyasının siyasi, iqtisadi və strateji inteqrasiyası üçün də güclü zəmin yaradır

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə inkişaf edən münasibətlərin və strateji tərəfdaşlığın növbəti mərhələsini nümayiş etdirir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi ilə yanaşı, regional əməkdaşlıq baxımından da diqqət çəkən məqamlarla yadda qalıb. 

Görüşlərin nəticələri və səfərin mümkün təsirləri ilə bağlı beynəlxalq münasibətlər üzrə mütəxəssis İsmail Cingöz Sherg.az-a danışıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana həyata keçirdiyi dövlət səfəri yalnız Bakı-Daşkənd münasibətləri baxımından deyil, həm də Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü toplantısının keçirilməsi və “Əbədi Dostluq Müqaviləsi”nin imzalanması iki qardaş ölkə arasındakı münasibətlərin artıq klassik diplomatik dostluq çərçivəsindən çox-çox kənara çıxdığını göstərir. Azərbaycan və Özbəkistan ortaq tarixə, dilə, mədəniyyətə və sivilizasiya bağlarına malik iki türk dövlətidir. Lakin bu gün əsas məsələ tarixi qardaşlığın iqtisadi, siyasi və strateji tərəfdaşlığa çevrilməsidir. Son illərdə ticarət, investisiya, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində sürətlə inkişaf edən münasibətlər bu transformasiyanın konkret göstəricisidir. Səfər zamanı bankçılıqdan mədənçiliyə, təhsildən turizmə və enerji sektoruna qədər bir çox sahədə yeni birgə layihələrin həyata keçirilməsi Türk dünyasında sözdən əmələ keçildiyini ortaya qoyur".

Politoloq bildirib ki, bu inkişafın daha geniş mənası Azərbaycanın Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında getdikcə güclənən strateji körpü roludur: 

"Özbəkistanın iqtisadi və demoqrafik potensialı ilə Azərbaycanın Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropaya açılan nəqliyyat imkanlarının birləşməsi Orta Dəhlizin gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir. İlham Əliyevin də səfərdən əvvəl vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistanın nəqliyyat və logistika sahəsində əməkdaşlığı Şərqlə Qərb arasında yeni bağlantı xətlərinin formalaşmasında mühüm rol oynayacaq. Türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət əsasında müəyyənləşdirilən coğrafiya olmaqdan çıxır. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi koordinasiyanın, iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat bağlantılarının getdikcə güclənməsi Türk dünyasını Avrasiya geosiyasətində müstəqil güc mərkəzinə çevrilmək istiqamətində irəlilədir. Azərbaycan və Özbəkistan arasındakı yaxınlaşma da bu böyük transformasiyanın ən mühüm halqalarından biridir".

Analitik vurğulayıb ki, prezident İlham Əliyevin Daşkənd səfəri iki ölkə arasındakı qardaşlığın təsdiqindən daha artıq məna daşıyır: 

"Azərbaycan ilə Özbəkistanın yaxınlaşması Xəzərin iki sahilini bir-birinə bağlayarkən, eyni zamanda Türk dünyasının siyasi, iqtisadi və strateji inteqrasiyası üçün də güclü zəmin yaradır. Türk dövlətlərinin qarşılıqlı maraq və bərabərlik prinsipləri əsasında birgə hərəkət etmək qabiliyyəti artdıqca, Türk dünyasının beynəlxalq sistemdəki çəkisinin də artacağı qənaətindəyəm".

Qalereya