Moskva Paşinyanın Qərbyönlü xəttindən məmnun deyil - Yücel Karauz

"Paşinyanın qələbəsi Cənubi Qafqazda müharibə ehtimalını azaldan, lakin Rusiya-Ermənistan gərginliyini artıran nəticədir"

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda yeni siyasi müzakirələrə səbəb olub. Seçkilər yalnız ölkənin daxili siyasi gələcəyini deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik, regional əməkdaşlıq və geosiyasi balans məsələlərini yenidən gündəmə gətirib. Seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursuna, qonşu ölkələrlə münasibətlərinə və bölgədə sülh prosesinin gələcək perspektivlərinə birbaşa təsir göstərəcək.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a Paşinyanın seçki qələbəsinin təkbaşına Cənubi Qafqaza sülh gətirməyəcəyini bildirib: 

"Lakin bu qələbə son illərdə yaranmış ən güclü sülh imkanlarından birini yaradacaq. Çünki seçkinin əsas oxu yalnız daxili siyasət deyil, eyni zamanda Ermənistanın “Rusiya mərkəzli təhlükəsizlik anlayışı, yoxsa Azərbaycan və Türkiyə ilə normallaşma?” seçimi üzərində qurulub. Paşinyanın partiyası səslərin təxminən 50 faizini toplayaraq parlamentdə çoxluğu qorudu və bunu “sülh, regional əməkdaşlıq və iqtisadi inkişaf” üçün verilmiş mandat kimi şərh etdi.

Bir neçə məqam sülh ehtimalını artırır. Paşinyan Azərbaycanla hərtərəfli sülh sazişini və Türkiyə ilə normallaşmanı seçki kampaniyasının mərkəzinə qoydu. Erməni seçicisi Qarabağın itirilməsinə baxmayaraq, Rusiyayönlü müxalifəti hakimiyyətə gətirmədi. Bu isə cəmiyyətin mühüm hissəsinin yeni müharibə əvəzinə iqtisadi inteqrasiya və sabitlik axtardığını göstərir.

Sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin işlək vəziyyətə gəlməsi və Türkiyə-Ermənistan ticarətinin başlaması halında Cənubi Qafqazın iqtisadi mənzərəsi ciddi şəkildə dəyişə bilər".

Analitik vurğulayıb ki, sülhün qarşısında ciddi maneələr var:

"Bakı Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə dair dolayı istinadların çıxarılmasını istəyir. Bunun üçün konstitusiya dəyişikliyi və ya referendum tələb oluna bilər. Paşinyanın seçki qələbəsi güclü olsa da, bu proses siyasi baxımdan çətin olacaq.

Rusiya amili güclüdür. Moskva Ermənistanın Qərbə yönəlməsindən narahatdır. Son seçki prosesində Rusiyanın iqtisadi və siyasi təzyiq göstərdiyinə dair beynəlxalq müşahidəçilər qiymətləndirmələr aparıblar.

Ermənistan daxilində millətçi müxalifət də var. Qarabağın itirilməsini qəbul etməyən qüvvələr Paşinyan üzərində siyasi təzyiq amili olaraq qalmağa davam edəcək".

General Putinin Paşinyanı təbrik etməməsi məsələsinə də toxunub:

"Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada bildirib ki, Moskva iyunun 14-də açıqlanacaq rəsmi nəticələri gözləyir. Bundan sonra Vladimir Putinin təbrik mesajı ilə bağlı qərar veriləcək. O, həmçinin seçki prosesi ilə bağlı bəzi pozuntu iddialarına da toxunub.

Bu açıqlama texniki baxımdan diplomatik əsaslandırma kimi görünsə də, siyasi mesaj da daşıyır. Moskva Paşinyanın Qərbyönlü xəttindən məmnun deyil. Kreml seçkinin nəticəsini dərhal sahiblənmək istəmir. Bununla Rusiya Ermənistan üzərindəki nüfuzunu tamamilə itirmədiyini göstərməyə çalışır. Təbrik mesajının gecikdirilməsi Paşinyana ünvanlanmış “münasibətlər əvvəlki kimi deyil” mesajı kimi qiymətləndirilə bilər.

Təhlükəsizlik və geosiyasi baxımdan yanaşdıqda, Paşinyanın qələbəsi Cənubi Qafqazda müharibə ehtimalını azaldan, lakin Rusiya-Ermənistan gərginliyini artıran nəticədir".

Müsahibimiz növbəti 12 ay üçün ən ehtimal olunan ssenarilərdən də danışıb:

"Azərbaycanla sülh danışıqları davam edəcək. Türkiyə-Ermənistan normallaşma prosesi sürətlənəcək. Rusiya iqtisadi və siyasi vasitələrlə öz nüfuzunu qorumağa çalışacaq. Cənubi Qafqazda “isti münaqişə” dövrünü “geosiyasi rəqabət” dövrü əvəz edəcək.

Qısası, Paşinyanın qələbəsi sülhə zəmanət verməyib. Lakin Cənubi Qafqazda son 30 ilin ən real sülh pəncərəsini açıb. Bu pəncərənin açıq qalıb-qalmayacağını isə Bakı-İrəvan danışıqları və Moskvanın verəcəyi reaksiya müəyyən edəcək".