Parlamentari: Qazaxıstan Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib

“Türk dövlətləri hərbi əməkdaşlığı genişləndirməlidir” 
Tural Gəncəliyev: “Qazaxıstan KTMT-də Ermənistanın destruktiv fəaliyyətinin qarşısını alıb” 
Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayevlə görüşüb. Liderlər ikitərəfli münasibətləri və digər məsələləri müzakirə ediblər. Qazaxıstan dövlət başçısı vurğulayıb ki, Azərbaycan liderinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir: "Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir". Prezident İlham Əliyev də deyib ki, Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Dövlət başçısı vurğulayıb ki, ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir: "Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik. İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik". Səfər çərçivəsində liderlərin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verilib. Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib. Daha sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub. Ardınca, ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. 
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli formatda əlaqələr onsuz da yüksəkdir. Deputatın sözlərinə görə, bu iki ölkə multivektoral diplomatiyanı da çox uğurla aparır:
 "Azərbaycanın istənilən beynəlxalq təşkilatda fəaliyyətinə baxsaq, bizə birinci dəstək verən ölkələr sırasında Türkiyə və Qazaxıstanı görərik. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçiləndə ən ciddi dəstək verən, öz diplomatik resursları ilə yanımızda olan ölkələrdən biri Qazaxıstan idi. Hətta elə regional və qlobal təşkilatlar var ki, biz olmasaq da, orada təmsil olunan Qazaxıstan maraqlarımızı qoruyub. Məsələn, KTMT üzvü olan Qazaxıstan açıq şəkildə, birmənalı olaraq Azərbaycanın haqlı mövqeyinin müdafiəçisi olub. Məlumdur ki, torpaqlarımız işğal altında olarkən Ermənistan vasitəsilə əleyhimizə ən çox təbliğat aparan təşkilatlardan biri KTMT idi. Qazaxıstan Ermənistanın KTMT-də destruktiv fəaliyyətinin qarşısını alıb. Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın mövqelərini müdafiə edib".
Parlamentari vurğulayıb ki, Azərbaycan və Qazaxıstanın xarici siyasət strategiyasında da oxşarlıq var:
 "Azərbaycan çox böyük güclərin əhatəsində olsa da, cənab Prezidentin məharətli xarici siyasəti sayəsində böyük gücləri neytrallaşdırmışıq, maraqlarımızı təmin etmişik. Qazaxıstan da Rusiya, Çin kimi nəhəng ölkələrlə həmsərhəddir. Neft-qaz yataqlarına və dünyanın ən böyük uran yataqlarına malik ölkə kimi hər zaman ABŞ və Avropa dövlətlərinin maraq dairəsindədir. Qazaxıstan bizim uğurlu xarici siyasət konsepsiyamızı tətbiq edə bilər. İkili əlaqələrimizdə ortaq milli kimlik, mədəniyyət, tarix, irsi bağlılıq da çox mühüm rol oynayır. Prezidentin son 3 ildə 7 səfəri göstərir ki, Azərbaycan və Qazaxıstan Türk Dövlətlər Təşkilatının nüvəsini təşkil edə biləcək reinteqrasiyanı çox güclü şəkildə həyata keçirir. Avropa İttifaqına üzv ölkələr əvvəlcə iqtisadi, humanitar, mədəni əlaqələrini gücləndirdi, ardınca hərbi təlimlər, vahid təhlükəsizlik məsələlərini gündəmə gətirdilər. TDT də eyni prosesi keçməkdədir. Dünya bizi vadar edir ki, türk dövlətləri arasında siyasi-iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi əməkdaşlıq da genişləndirilsin".