Ermənistan Konstitusiyasının dəyişməsi 2026-cı il seçkilərindən əvvəl baş tutarsa, sülh müqaviləsi bağlanacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Ədalət niyə gecikir?" adlı konfransda ölkəsinin hüquq sistemindəki problemləri açıq şəkildə vurğulayıb. Paşinyan çıxışında bildirib ki, Ermənistanda mövcud olan hüquq sistemləri ilə xalq arasında ciddi bir boşluq mövcuddur. O, bu boşluğun hüququn icrası və tətbiqi sahəsindəki çatışmazlıqlardan qaynaqlandığını qeyd edib.
Paşinyan, hüquq sisteminin xalqın ehtiyaclarına uyğun şəkildə inkişaf etmədiyini və bu vəziyyətin əhalinin hüquq sisteminə inamını zəiflətdiyini bildirib. Həmçinin, Ermənistanın baş naziri hüquqi sistemin təkmilləşdirilməsi və dövlətin hüquqla bağlı daha güclü bir əlaqə qurmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın hüquq sistemindəki bu boşluq, ölkədəki demokratiya və ədalət prinsipinə qarşı olan əsas təhdidlərdən biri olaraq çıxış edir.
Bu açıqlamalar, Ermənistanın hüquq sisteminin islahatlara ehtiyacı olduğunu və hökumətin bu məsələyə ciddi yanaşması lazım olduğunu göstərir.
Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl də Ermənistan Konstitusiyasının mətninin dəyişməli olduğunu deyib. O, yeni konstitusiyanın Müstəqillik Bəyannaməsinə əsaslanmamasını daha doğru hesab etdiyini söyləyib.
Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Konstitusiyasının xalqın iradəsini əks etdirmədiyini deməklə qüvvədə olan konstitusiyanın sülhə deyil, yalnız qonşularına qarşı ərazi iddialarını özündə ehtiva edən ali bir hüquqi sənəd olduğunu etiraf etmiş oldu:
“Konstitusiya xalqın sülh çağırışlarının üstündən xətt çəkir, "Böyük Ermənistan" mifi ilə 30 il ərzində ölkəni forpost vəziyyətində saxlayır. N.Paşinyan hazırkı konstitusiyanın revanşistlər tərəfindən yazıldığını və xalqın sülh istəklərini özündə əks etdirmədiyini xalqa çatdırır. Onun regionlara səfərlərində "Real Ermənistan" planını təbliğ etməsi, "tarixi Ermənistan"dan imtina, qonşularla sülh və hazırkı konstitusiyanı tənqid etməsi, bir növ referenduma hazırlıq kampaniyasıdır.
Ermənistan Konstitusiyasının dəyişməsi 2026-cı il seçkilərindən əvvəl baş tutarsa, sülh müqaviləsi bağlana bilər.
Qeyd edim ki, Gümrü şəhərinin müxalifətdən seçilən meri Ermənistanın Rusiya ilə inteqrasiya və əməkdaşlığını inkişaf etdirmək barədə bəyanat verib. O, Ermənistanın yalnız Rusiya ilə birgə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 2026-ci il seçkilərinə baş nazirliyə namizəd olduğunu açıqlayıb. Müxalifətin Ermənistanın ikinci şəhərində mer seçilməsi, özlərinə inamı artırıb. Rusiyanın da müxalifətə ciddi dəstək verəcəyi gözlənilir”.
Politoloq Turan Rzayev də vurğulayıb ki, Paşinyan Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını (dəyişdirilməsini) sürətləndirir. O bunu daxili problemlərlə əlaqələndirsə də, səbəblər fərqlidir:
“Əvvəlcə onu deyim ki, rəsmi Bakı bu məsələdə İrəvana güzəşt etmir. Yəni Azərbaycan tərəfi Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının dəyişməsini dəfələrlə tələb edib və etməkdədir. Konstitusiyanın dəyişdirilməsi indiki məqamda Paşinyan üçün də vacibdir. Yəni Bakının bu yöndəki israrlı mövqeyini öz maraqları üçün istifadə etmək istəyir. Aydındır ki, konstitusiya dəyişiklikləri bir çox hallarda mövcud hakimiyyətlərin, ya da liderlərin hakimiyyətini pərçimləmək üçün edilir. Paşinyan da bu yolla hakimiyyət müddətini, səlahiyyətlərini artıra bilər.
Paşinyan bəyan etmişdi ki, o, konstitusiyaya əsaslanan “erməni iddialarını” sıradan çıxarmaq və “Real Ermənistan” qurmaq istəyir. Bu konsepsiya “Böyük Ermənistan” ideologiyasından çıxıb, daha kiçik, amma müdafiəsi asan Ermənistan deməkdir. Əslində, Paşinyanı buna sövq edən əsas səbəb Azərbaycanın Qərbi Azərbaycan məsələsində günü-gündən artan dövlət siyasətidir. Qərbi Azərbaycan icmasının artıq beynəlxalq sferada özünü tanıtması Paşinyanı narahat edir. Buna görə o, “Real Ermənistan” qurmaq istəyir”.
T.Rzayevin sözlərinə görə, Paşinyanın “Real Ermənistan” konsepsiyasının əsasını Azərbaycanın yaratdığı yeni reallıqlar tutur:
“Bakı hələlik prosesi izləyir. Prinsipcə, Bakını maraqlandıran məsələ sülhün ən qısa zamanda imzalanması və qalıcı olmasıdır. Paşinyanın “Real Ermənistan” konsepsiyası Azərbaycan reallıqlarına əsaslanacaqsa və regionda sülhə töhfə verəcəksə, bunu ilk Bakı dəstəkləyə bilər”.