"Azərbaycan səbirli şəkildə məqamı gözləyəcək"
"Sülh Körpüsü" Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Təşəbbüs çərçivəsində aprelin 10-12 tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa baş tutdu.
“Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında dedi ki, çox sürətlə irəliləmək sülh prosesinə zərbə vura bilər.
O, bildirdi ki, "Münaqişələrlə, cinayətlərlə, faciələrlə dolu çox böyük bir tarix var. Belə bir şəraitdə çox sürətli irəliləmək hətta prosesə zərər verə bilər".
"AnewZ" baş redaktor müavini və aparıcısı, analitik Orxan Amaşov Sherg.az-a bildirib ki, bu təşəbbüs 8 avqust tarixində ABŞ-də razılaşdırılmış sənədlərdən ortaya çıxan prosesin parçasıdır:
"İlk dəfə görüş oktyabrın 21-22 tarixlərində Ermənistanda oldu. O vaxt Azərbaycandan 5 nəfər getdi. Erməni nümayəndə heyyəti noyabrda qayıdanda, artıq hər iki tərəfdən yanılmıramsa, 6 şəxs iştirak edirdi.
Aydın məsələdir ki, tələsmək lazımdır, amma çox tələsmək olmaz. Bizim bu hadisələri tez bir zamanda effektiv görmək istəyimiz, gərək qarşıda duran məqsədlərin effektiv şəkildə icrasında maneə olmasın. Hamıya məlumdur ki, 7 iyunda Ermənistanda parlament seçkiləri olacaq. Seçkilərin nəticəsi çox vacibdir. Çünki bu razılıq Azərbaycanla Ermənistan arasında əldə olunub. Amma Ermənistandakı gələcək siyasi hakimiyyətin mövqeyi çox önəmlidir. Biz müxalif partiyaların ritorikasını dinləyirik. Bilirik ki, onlar hakimiyyətə gəlsələr, hansı xətti həyata keçirəcəklərini iddia edirlər. Onlar dediklərini icra edə biləcəklər yoxsa yox, bu da ayrı məsələdir. Amma hər halda bu prosesin, hər iki hökumətin legitimliyi vacib faktordur.
Ona görə seçkinin nəticəsinə baxmaq lazımdır, ondan sonra müəyyənlik yaranacaq. Rəsmi İrəvan da, rəsmi Bakı da bilirik ki, Azərbaycanın sülh müqaviləsinin imzalanmasından öncə olan şərti var. Həmin şərtin həyata keçirilməsi zərurəti qüvvəddədir".
Analitik Areq Koçinyanın fikirlərinə də münasibət bildirib:
""Tələsmək lazım deyil" deyəndə bir neçə şeyi başa düşmək olar. Biri var sülh müqaviləsi və onun mətni, bir də var böyük fundamental sülh. Bu iki xalq bir-biri ilə bir əsrdiki konfrontasiya mühitindədir.
Sovet İttifaqında bəlkə də rəsmi konfrontasiya yox idi, amma hər halda daxilimizdə zidiyyətli məsələlər daim var idi. Ona görə də lazımdır ki, hər şey mərhələli şəkildə olsun. Çoxlu yaralar var. Heç kim- nə Ermənistan, nə də Azərbaycan, qarşı tərəfin onun kimi fikirləşəcəyini güman etmir.
Amma fundamental prinsiplərlə razılaşmalıyıq. Razılaşmalıyıq ki, konflikt artıq keçmişdə qalıb, artıq hərbi münaqişənin yenidən alovlanmaması lazımdır. Lazımdır ki, biz qarşılıqlı şəkildə ərazi bütövlüyümüzü tanıyaq və bu istiqamətə də gedirik.
Amma zidiyyətli məsələlər var. Onları tarix öz qaydası ilə həll edəcək. Tələsmək lazım deyil deyəndə erməni həmkarım bunu nəzərdə tutub.
Lakin bəzi şeylərə tələsməliyik. Məsələn TRİPP Koridorun icrasında, çalışmaq lazımdır ki, hər şey müəyyən bir çərçivədə və zamanda baş versin. Əgər söhbət sülh müqaviləsinin imzalanması üçün qarşıda dayanan, maneədən gedirsə, o həll olunmalıdır.
Əgər kimsə güman edirsə ki, azərbaycanlılar və ermənilər tez bir zamanda hər şeyi unudacaqlar, yox, bu istiqamətdə tələsmək olmaz. Çünki hər iki xalqın daxilində müəyyən məsələlər var, onlara hörmətlə yanaşmaq lazımdır. Biz iki dənə qanlı müharibə görmüşük, müharibədə həyatını itirmiş insanlar, onların xatirələri var.
Hər şey məntiqli və hüquqi çərçivədə qarşılıqlı hörmət əsasında həll olunmalıdır".
Siyasi şərhçi Ermənistanda keçirləcək seçkilərin sülh müqaviləsinə təsiri ilə bağlı fikirlərini bölüşüb:
"Hamı bilir ki, 7 iyun seçkiləri Paşinyanın qələbəsi ilə yekunlaşmasa, sülh gündəliyinə xələl gələcək.
Bu o, demək deyil ki, Paşinyan seçilməsə aramızda müharibə olacaq, yox. Sadəcə olaraq gündəliyin icrası ilə bağlı ola bilsin problemlər yaransın. Sülh təşəbbüsünün taleyi 8 avqustda əldə olunmuş razılaşmalardan doğan təşəbbüsdür. Əgər hakimiyyətə gələn yeni qüvvə bu təşəbbüsə isti baxmasa, sözsüz ki, onun gələcəyi də şübhə altında ola bilər. Mən buna ümumi kontekstdə cavab verirəm.
Sözsüz ki, orada olan danışıqlar, söhbətlər hamısı konfidensaldır. Bu barədə sizə heç bir şey deyə bilmərəm. Amma bir müşahidəçi kimi öz fikirlərimi bildirirəm.
Hər iki cəmiyyətdə anlaşılır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Ermənistan yeni konstitusiya qəbul etmədən baş verməyəcək. Paşinyan yox, başqaları gəlsə, onlar bu konstitusiya dəyişikliyinə çox güman ki, getməyəcəklər.
Amma Azərbaycan səbirli şəkildə məqamı gözləyəcək. Hətta Paşinyan yox, digərləri hakimiyyətə gəlsə belə, aramızda yeni münaqişənin alovlanma ehtimalı azdır".