Allahın kitabını siyasi məqsədlərə alət etmək doğru deyil.
İranın Ali dini lideri Xameneinin vida mərasimində müxtəlif ölkələrin nümayəndə heyətləri yola salınarkən fərqli Quran ayələrinin tilavət olunması geniş müzakirələrə səbəb olub. Bəzi müşahidəçilər bunu dini mərasimin tərkib hissəsi kimi qiymətləndirsə də, digərləri oxunan ayələrin ölkələrə ünvanlanmış siyasi mesajlar daşıdığını iddia edir. Bu yanaşma isə dinin siyasətdə istifadə olunmasının sərhədləri, Quran ayələrinin kontekstdən çıxarılaraq şərh edilməsi və müqəddəs mətnlərin siyasi məqsədlərə alət olunmasının dini baxımdan nə dərəcədə doğru olduğu ilə bağlı müzakirələri gündəmə gətirib.
Mərasimdə Azərbaycanın nümayəndə heyəti zala daxil olarkən “Acizlik göstərməyin, kədərlənməyin. Əgər möminsinizsə, siz üstün gələcəksiniz" ayəsi səsləndirilib. Türkiyə üçün
Nisa surəsi 95-ci ayə ("Allah malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibari ilə üstün etmişdir"), Səudiyyə Ərəbistanı üçün Ali imran surəsi 13-cü ayə ("Bədr döyüşündə üz-üzə gələn iki dəstədə sizin üçün böyük bir ibrət var idi. Bir dəstə Allah yolunda vuruşurdu, digəri isə kafirlərdən idi. Kafirlər möminləri gözləri ilə özlərindən iki qat çox görürdülər. Allah istədiyini öz köməyi ilə qüvvətləndirər. Şübhəsiz ki, bunda bəsirət sahibləri üçün böyük bir ibrət var") oxunub. Qətər üçün isə Fəth surəsi 2-ci ayə
("Belə ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın. Öz nemətini sənə tamamlasın və səni doğru yola yönəltsin"). Ermənistan nümayəndə heyəti zala daxil olanda "Şübhəsiz ki, rəbbimiz Allahdır deyib sonra doğru yolda qalanlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər" ayəsi tilavət olunub.
Dinşünas Tural İrfan Sherg.az-a bildirib ki, dəfn yaxud vida mərasimləri zamanı Quranın ayələrinin siyasi mesaj kimi istifadə olunması dinin siyasətə alət edilməsi xarakteri daşıdığı üçün qəbul edilmir:
"İslam tarixində də bunun nümunəsi yoxdur. Sözü gedən vida mərasimində oxunan ayələrin hər dövlətin nümayəndəsi üçün xüsusi seçilməsi yaxud təvafüqən həmin ayələrin oxunması aydın deyil. Ola da bilər ki, orada heç bir siyasi mesaj vermək nəzərdə tutulmayıb, sadəcə bundan məna çıxarılır və ya yozulur. Quran ümumiyyətlə ibrət və öyüd almaq, hökmlərinə əməl etmək üçün nazil olmuş kitabdır. O, siyasət kitabı deyil, siyasi mesajlar vermək üçün alət, vasitə edilə bilməz. Düşünmək olar ki, vida mərasimində sadəcə nikbinlik, təsəlli ehtiva edən ayələr seçilib və hər dəfə fərqli surələrdən nümayəndə heyətləri vidalaşdıqca tilavət olunub. Bəzən Quran ayələrini kontekstdən çıxararaq hərə öz maraqlarına sərf edən şəkildə istifadə edir. Bu dini təhrif etməkdir. Lakin oxunan surə və ayələrin oxunduğu məclisin mahiyyətinə və ahənginə uyğun seçilməsi doğrudur. Yəni, surə və ayələr aidiyyəti üzrə oxunmalıdır".
Dinşünas qeyd edib ki, təskinlik, səbr, təsəlli ehtiva edən ayələrdən xüsusi siyasi mesaj mənası çıxarmaq üçün zənn-güman yox, əsaslı dəlil, sübut lazımdır:
"Ancaq digər ölkələrin də nümayəndə heyətinin vidalaşması zamanı qiraət olunan ayələrə nəzər saldıqda müəyyən siyasi mesaj çalarları hiss olunur. Sanki həmin ölkələrə İran dövləti sözünü Quran ayələrini alət edərək demiş olur. Lakin bu, həqiqət olmaya da bilər. Zahirən sözü gedən ayələr vasitəsi ilə aidiyyəti ölkələrə İsrail və ABŞ ilə bağlı mesajlar verilir, münasibət bildirilir. Məsələn, Qətər üçün oxunan ayədə günahların bağışlanmasından və doğru yola yönəldilmədən söhbət gedir. ABŞ hərbi bazalarının yerləşdiyi ərəb, müsəlman ölkələri günahda ittiham olunur və səhvlərinin bağışlanması müqabilində əfv ediləcəkləri deyilir. Nazil olma səbəbinə görə bu ayədə xitab Peyğəmbərin özünədir. Lakin ola bilsin bu ayələri indi siyasi mesaj kimi istifadə ediblər. Azərbaycanın balanslı siyasəti acizlik kimi qəbul olunmamalıdır".
Müsahibimiz vurğulayıb ki, müqəddəs kitabın ümumbəşəri dəyərlər ehtiva edən, bütün dünya üçün nazil olmuş ayələrini yalnız bir ölkənin öz siyasi maraqları naminə digərlərinə mesaj vermək məqsədi ilə kontekstdən çıxarıb sui-istifadə etməsi dini yöndən qüsurludur:
"Bu, qəbuledilməzdir. Din dindir, siyasət də siyasətdir. Dini mövzular Quran ayələri ilə izah oluna bilər. Lakin siyasi məsələlər müasir diplomatiya sayəsində həll olunur. Burada Allahın kitabını siyasi məqsədlərə alət etmək doğru deyil".