Regionun mənzərəsi tamam dəyişir
Turan
07:08 30.06.2021
Siyasət
1039
Daha Rusiyanın Cənubi Qafqaza nüfuzu və təzyiqi əvvəlki kimi deyil
Gələcəkdə Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı daha geniş sahələri əhatə edəcək
İyunun 28-də Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib. Dövlət başçısı Qaribaşvilini ad günü münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Liderlə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.
Azərbaycanla Gürcüstanı çoxəsrlik dostluq və dinc qonşuluq əlaqələri bağlayır. Və bu reallıq hər iki ölkənin hökumətlərinin müxtəlif səviyyələrində aparılan görüşlərdə dəfələrlə vurğulanır. İrakli Qaribaşvili bu il mayın 5-də azərbaycanlı həmkarı Əli Əsədovla görüşündə Azərbaycanla münasibətlərin strateji tərəfdaşlığa çevrildiyini demişdi. Gürcü baş nazir “bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var” ifadəsini də işlətmişdi. İyunun 25-də isə Gürcüstan parlamentində çıxışı zamanı Gürcüstanın yenə də Bakı ilə Yerevan arasında vasitəçi rolunu oynamağa hazır olduğunu söyləmişdi. Qaribaşvili Ağdam rayonunun mina xəritələrinin verilməsi prosesində Tbilisinin rolunu xatırlatmış, vasitəçilik missiyasını davam etdirməyə hazır olduqlarını təsdiqləmişdi. Baş nazir qeyd etmişdi ki, Gürcüstanın vasitəçi kimi iştirakı barədə razılıq onun mayda Bakıya və Yerevana səfərləri zamanı əldə olunub.
Son dönəmlər qardaş Türkiyə ilə qonşu Gürcüstan arasında da əlaqələr intensiv hal alıb. Ankara hökuməti ilə Tbilisi arasında təmaslar artmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri ilə görüşündə vurğulamışdı ki, Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarları kimi görür. Ərdoğanın sözlərinə görə, Türkiyə və Gürcüstanın Azərbaycanla üçtərəfli əməkdaşlığı böyük önəm daşıyır:
“Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”. Türkiyə lideri əlavə edib ki, mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində birgə addımlar atılacaq.
Gürcüstanın əməkdaşlıq prosesinə cəlb olunmasının əhəmiyyətindən “Şərq”ə danışan politoloq Əli Orucov deyib ki, son dönəmlər Cənubi Qafqazdakı proseslər tamam fərqli yöndə cərəyan edir. Ekspertin sözlərinə görə, xüsusən 44 günlük savaşda Azərbaycanın qələbəsindən sonra regionda geosiyasi vəziyyət kökündən dəyişməkdədir:
“Etiraf edək ki, Rusiyanın bölgəyə nüfuzu və təzyiqi əvvəlki kimi deyil, xeyli zəifləyib. Əvvəllər Moskvanın təsir rıçaqları daha çox idi. Çünki Qarabağ münaqişəsi ilə həm Ermənistana, həm də Azərbaycana təzyiq edə bilirdi. İndi durum fərqlidir. Hətta forpost hesab edilən Ermənistanda belə Kremldən uzaqlaşma meyilləri müşahidə olunmaqdadır. Ərazisinin bir qismi işğal olunmuş Gürcüstan dövləti də Rusiyanın təcavüzkar siyasətinin və aqressiyasının fərqindədir. Tbilisi hökuməti rus təhlükəsindən sığortalanmaq üçün müəyyən yollar axtarır. Bu yolların ən vacibi regional əməkdaşlıqda mühüm yerlərdən birini tutmaqdır. Artıq region dövlətləri yaxşı dərk edir ki, Rusiyanın “parçala və hökm sür” siyasəti bölgə ölkələrini fəlakətə sürükləyir. NATO ölkəsi olan güclü Türkiyə və bölgədə söz sahibinə çevrilmiş Azərbaycanla əlaqələri sıxlaşdırmaq Gürcüstan üçün çox cəlbedicidir. Türkiyə və Azərbaycan timsalında güclü müttəfiqlər qazanmaq Gürcüstanın faydasınadır”.
Ə.Orucova görə, Azərbaycan Qərbin enerji şaxələndirilməsində aparıcı dövlətlərdən biridir:
“Rəsmi Bakı qonşu Gürcüstana xeyli siyasi-iqtisadi dividendlər qazandırıb. Bunları itirmək Gürcüstan üçün ciddi problemlər yaradır. Qonşularımız başa düşürlər ki, gec-tez Ermənistan regional əməkdaşlığa qoşulmaq məcburiyyətində qalacaq və Zəngəzur dəhlizi açılacaq. Gürcüstan indiki tranzit mövqeyini itirməmək üçün alternativ üsullar axtarır. Bu alternativ yollara çıxış isə Azərbaycansız mümkün deyil. Fikrimcə, bundan sonra Gürcüstan-Türkiyə və Azərbaycan əməkdaşlığı daha geniş sahələri əhatə edəcək. Gələcəkdə üçlü əməkdaşlıq müdafiə sahəsinə də şamil olunacaq. Türkiyə-Gürcüstan arasında hərbi müqavilə imzalana bilər. Yaxud üç ölkənin birgə hərbi əməkdaşlığını özündə ehtiva edən ortaq saziş bağlanar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə