Donbas “qırmızı xətt” olaraq qalır, Moskva və Kiyev geri addım atmır
"Müharibənin əsas səbəbləri və hərbi-strateji maraqlar hələ də tərəflərin mövqelərində ciddi dəyişiklik tələb edir”
2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi hələ də yekun həllini tapmayıb. Tərəflər arasında vasitəçi ölkələrin səyi ilə dəfələrlə danışıqlar aparılsa da, konkret nəticə əldə edilməyib. ABŞ-nin vasitəçiliyi ilə yanvar ayında Əbu-Dabidə baş tutan görüşlərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılmasında maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən hərbi zərbələr endirilmədiyi halda, Ukrayna da cavab tədbirlərindən çəkinməyə hazırdır. Bununla paralel olaraq, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ liderinin xahişi əsasında fevralın 1-nə qədər Ukraynaya hərbi zərbələr endirilməyəcəyini açıqlayıb. Onu da qeyd edək ki, tərəflər arasında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan növbəti görüş, məhz həmin tarixə planlaşdırılıb. Son dövrlər, tərəflərin dialoqa meyilli açıqlamaları müharibənin yaxın gələcəkdə bitəcəyinə dair ümidləri artırır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, humanitar məqsəd daşıyan bir həftəlik fasilənin tərəflər arasında davamlı sülhə gətirib çıxaracağı ehtimalı zəifdir:
“Trampın təşəbbüsü ilə irəli sürülən bir həftəlik humanitar atəşkəs çağırışı və Rusiya prezidenti Vladimir Putinin bu təklifi qəbul etməsi, mövcud şəraitdə müsbət və diqqətəlayiq addım kimi qiymətləndirilə bilər. Xüsusilə də qış mövsümünün sərt keçməsi və Rusiyanın Ukraynanın enerji infrastrukturuna yönəlmiş davamlı hücumları fonunda yaranmış humanitar böhran, nəzərə alındıqda, qısa müddətli də olsa döyüşlərin dayanması mülki əhali üçün nəfəsalma imkanı yaradır. Elektrik, istilik və su təchizatı ilə bağlı problemlərin qismən də olsa yüngülləşdirilməsi humanitar baxımdan önəmli amildir. Əslində, oxşar humanitar fasilələr əvvəlki mərhələlərdə də müşahidə olunub”.
Politoloqun qənaətinə görə, Rusiya ilə Ukrayna arasında dərin etimadsızlıq problemi hələ də qalmaqdadır:
“Müxtəlif dövrlərdə tərəflər arasında qısa müddətli atəşkəslər elan edilsə də, heç biri dayanıqlı sülhə çevrilmiyib. Bu baxımdan hazırkı bir həftəlik fasilə də mahiyyət etibarilə müvəqqəti xarakter daşıyır. Bununla yanaşı, Trampın vasitəçiliyi ilə humanitar razılaşmanın əldə olunması siyasi baxımdan diqqətdən kənarda qalmamalıdır. Bu məqam tərəflər arasında dialoq imkanlarının hələ də mövcud olduğunu ortaya qoyur. Lakin uzunmüddətli sülhün formalaşması üçün humanitar fasilələr yetərli deyil. Müharibənin əsas səbəbləri və hərbi-strateji maraqlar hələ də tərəflərin mövqelərində ciddi dəyişiklik tələb edir”.
R.Bayramovun sözlərinə görə, bir həftəlik humanitar atəşkəs, müharibənin gedişində qısamüddətli rahatlama yaratsa da, davamlı sülh üçün yetərli deyil:
“Ən mühüm məqam isə tərəflərin “qırmızı xətt” kimi müəyyən etdikləri məsələlərdən geri çəkilməməsidir. Xüsusilə Donbas və işğal olunmuş ərazilərlə bağlı mövqelər nə Moskva, nə də Kiyev tərəfindən dəyişdirilib. Beynəlxalq müstəvidə də bu fasilənin təsiri məhduddur. ABŞ, Avropa ölkələri və Ukrayna humanitar addımı prinsip etibarilə müsbət qiymətləndirir, lakin daimi sülh üçün daha geniş diplomatik səylərə, beynəlxalq vasitəçiliyə və konkret siyasi razılaşmalara ehtiyac olduğunu vurğulayırlar. Əsas məsələ bundan sonrakı mərhələdə diplomatik danışıqların hansı istiqamətdə inkişaf edəcəyi, tərəflərin strateji kompromislərə nə dərəcədə hazır olacağı və beynəlxalq vasitəçilik mexanizmlərinin nə qədər effektiv işləyəcəyidir”.
Aybəniz Səfərova