Türkiyə regionda təhlükəsizlik məsələlərinə dair mövqeyini davamlı olaraq gündəmdə saxlayır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına görə, SDQ məsələsi hazırda Suriya, Türkiyə və digər regional aktorlar üçün aktual problem olaraq qalır. O, bu məsələnin yaxın dövrdə həllini tapacağına ümid etdiyini bildirib.
Həmçinin Ankaranın bu istiqamətdə mövcud siyasətini gələcək illərdə də davam etdirəcəyini qeyd edib. Sözügedən bəyanatlar regionda təhlükəsizlik balansı və tərəflərin qarşılıqlı mövqeləri baxımından diqqətlə izlənilən proseslərin davam etdiyini göstərir.
Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a açıqlamasında təhlükəsizliyin hər zamankından daha mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:
"Dünya xaotik dövrdən keçərkən beynəlxalq hüquq gözardı edilərək müdaxilələr həyata keçirilir, sərhədlər yenidən cızılır. Bu şəraitdə heç bir dövlət öz sərhədləri daxilində SDQ və oxşar silahlı qüvvələrin mövcudluğuna, xarici ölkələr üçün yardımcı fəaliyyət göstərən hər hansı bir təşkilata dözə bilməz. Eyni zamanda bu cür xarakterli siyasi strukturların mövcudluğuna da icazə verilə bilməz.
Dünya tarixi kritik mərhələyə daxil olur. Təhlükəsizlik hər zamankindən daha mühüm əhəmiyyət kəsb edir.
SDQ və ona bənzər strukturlar mütləq şəkildə razılaşma yolu ilə özlərini ləğv etməyə məcburdurlar".
Analitik üçüncü yolun bu qüvvələrin zor tətbiqi ilə ləğv edilməsi olduğunu bildirib:
"Suriya hökuməti prosesi həyata keçirir və gələcəkdə də davam etdirəcəkdir. Bu prosesdə Türkiyə lazım olan bütün dəstəyi göstərəcək. Türkiyə bölgəyə xarici müdaxiləni istəmir. O, bölgə ölkələrinin öz aralarında həmrəylik və əməkdaşlıq şəraitində hərəkət etməsini müdafiə edir. Terrorla yol almağı hədəfləyən siyasətlərə əsla yol verilə bilməz".