Tarixi imkan yaranıb: Ankara böyük oynayır və haqlıdır


Türkiyənin mesajı İsveç və Finlandiyadan daha çox Vaşinqtona ünvanlanmış kimi görünür
Ukrayna müharibəsinin yaratdığı vəziyyət Türkiyənin bu məsələdə əlini gücləndirib
   İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin alyansa üzvlük müraciəti ilə bağlı rəsmi məktubları Baş katib Yens Stoltenberqə təqdim edib. Bu barədə İsveçin hərbi alyansdakı nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib. Baş katib deyib ki, bu iki ölkə demokratik proseslərdən sonra alyansa üzvlüklə bağlı müraciətlərini təqdim ediblər: “İsveç və Finlandiya NATO-nun önəmli tərəfdaşlarıdır. Hazırkı çətin zamanda ölkələrin həmrəyliyi vacibdir və alyans ölkələri bunu anlayır”. 
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsini müzakirə edəcək. Qeyd olunub ki, Rusiyanın işğalı qarşısında Türkiyənin Ukraynaya qətiyyətli dəstəyi Vaşinqton və Ankara arasında münasibətlərin yaxşılaşmasına kömək edib. Lakin bir çox amerikalı ekspert Ərdoğan hökumətinin Putinlə əlaqələri və Ankaranın Rusiyaya qarşı sanksiyalara əməl etməkdən imtina etməsilə bağlı narazılığını gizlətmir. İddialara görə, Ankara İsveç və Finlandiya tərəfindən PKK və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib. Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksi üzərindən sanksiyaların götürülməsini və ya analoji “Patriot” sistemlərilə təchiz edilməsini tələb edir.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi, daha doğrusu, ABŞ və Britaniyanın bunda maraqlı olması Türkiyə üçün tarixi imkan yaradıb. Ekspertin sözlərinə görə, Ankara haqlı olaraq əlinə düşən fürsətdən maksimum istifadə edəcək: 
“Türkiyə hər iki ölkənin PKK və terror təşkilatının Suriya qanadı olan PYD\YPG-yə, eləcə də FETÖ-çülərə dəstəyini kəsməsini, “qucaq açdıqları” terrorçuları təhvil verməsini istəyir. Berlində XİN başçısı M.Çavuşoğlunun fin və isveçli həmkarı ilə apardığı müzakirələr Ankaranın istədiyi kimi getmədi. Ərdoğanın Ankaraya gəlmək istəyən iki ölkə nümayəndə heyətinə “gəlməsinlər, razılaşmayacağıq” çağırışı da tələbin sərtləşdirilməsi və istədiyini almadan “hə” deməyəcəyinə hesablanıb. Bu mesaj İsveç və Finlandiyadan daha çox Vaşinqtona ünvanlanmış kimi görünür. Çünki illərdir neytral mövqedə dayanan bu iki ölkənin terrorçuları himayə etməsi özlərinin yox, ABŞ-ın, ümumilikdə PKK kartından Türkiyəyə qarşı istifadə edənlərin istəyidir. Ukrayna müharibəsinin yaratdığı vəziyyət Türkiyənin bu məsələdə əlini gücləndirib”. 
Analitikə görə, Ankaranın “müsbət baxmırıq” açıqlamasına “qapını da tam bağlamamışıq” sözlərini əlavə etməsi göstərir ki, Türkiyənin tələbləri var: “İki ölkənin (xüsusilə İsveç) terrorçulara dəstəyini kəsməsi, onları himayə etməsi siyasətinə yenidən baxmasıdır. ABŞ-ın da PKK-nın Suriya qanadı olan PYD\YPG siyasətinə yenidən baxmasıdır. Vaşinqton PYD-ni terrorçu yox, bölgədəki “müttəfiqi” hesab edir. Rusiyanın Ukrayna müharibəsinə görə Suriyada aktivliyini azaltması və İranın güclənməsinə şərait yaratması qarşısında Türkiyənin mövqelərinin real olaraq dəstəklənməsi, güc balansının Ankaranın xeyrinə dəyişməsi şəraitinin yaradılmasıdır. Bu məhz Vaşinqtonun PYD kartından istifadəni ən azı azaltmasından keçir. F-35 proqramı da daxil olmaqla qeyri-rəsmi silah embarqosunun qaldırılması da gündəmdədir”. 
Ekspertə görə, İsveç və Finlandiya nümayəndə heyətinin Türkiyəyə səfər planı, Vaşinqtonun “anlaşa biləcəyik” kimi açıqlamaları Ankaranın tələbləri qarşısında güzəştlərin olunacağını deməyə əsas verir: “Lakin terror kartından nə qədər imtina ediləcəyi hələ də sual altındadır. Vaşinqton Suriyada və Suriya üzərindən ümumilikdə Yaxın Şərqdə strateji planlarını böyük ölçüdə PYD üzərindən qurub; istisna deyil ki, Türkiyəni vədlərlə razı salmağa çalışacaqlar. Hərçənd, Ankaranın real addımlar olmadan razılaşacağı bu dəfə daha çətin görünür. Bu baxımdan, hər iki ölkənin üzvlük məsələsi 29-30 iyunda keçiləcək Madrid sammitində həll edilməyə bilər. Ankara ilə aparılan müzakirələrə paralel şəkildə Ərdoğan hakimiyyətinə müxtəlif vasitələrlə təzyiqlərin ediləcəyi də gözləniləndir. Türkiyənin “veto” hüququndan təkcə Qərb yox, Rusiya qarşısında da istifadə imkanı var. Suriya, eyni zamanda Cənubi Qafqazdakı proseslərdə bundan yararlana bilər və bunun Qərb üçün arzuolunmaz senari olması Ankaranın ABŞ-la danışıqlarında da əlini gücləndirəcək. Ankara böyük oynayır və geosiyasi şərtlər fonunda milli maraqlarını təmin etmək istəyində haqlıdır”.